Xəbərlər 23.02.2023 22:54 2010

Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlara mükafatlar təqdim olunub - FOTO +VİDEO

Həssas qruplara dəstək məqsədli korporativ sosial məsuliyyət tədbirlərində, onlarla bağlı məşğulluq proqramlarının icrasında aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması  mərasimi keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, millət vəkilləri, digər hökumət və qeyri-hökumət qurumları, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr, işəgötürənlər iştirak ediblər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə iştirakçılar geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən bu Mərkəzlə, burada  həssas qrupların, o cümlədən, şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi üçün yaradılan şəraitlə, aparılan işlərlə tanış olublar. 

Tədbirdə çıxış edən S.Babayev sosial müdafiə sisteminin gücləndirilməsinin, həssas qruplara qayğının artırılmasının Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil etdiyini vurğulayıb. O, dövlət başçısının tapşırıqları əsasında aparılan sosial islahatlar nəticəsində bu istiqamətdə ciddi irəliləyişlərə nail olunduğunu bildirib.

 

Aktiv məşğulluq proqramlarının da ildən-ilə genişləndiyini bildirən S.Babayev qeyd edib ki, ötən il də sosial tərəfdaşlar ilə birgə işlər nəticəsində 40 mindən çox şəxs işlə təmin olunub, 7 mindən çox şəxsin haqqı ödənilən ictimai işlər proqramı, 2 min şəxsin birgə maliyyələşmə və kvota iş yerləri üzrə işlə təminatı həyata keçirilib. 

 

Həmçinin keçən il 16 mindən çox şəxsin özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə biznesi qurulub, 4,6 min nəfər peşə hazırlığına cəlb olunub, 70 minədək şəxsə peşəyönümü məsləhət xidmətləri göstərilib. İşini itirmiş 6 mindən çox şəxsə isə  işsizlikdən sığorta ödənişi təyin olunub.

 

S.Babayev sosial tərəfdaşların məşğulluq tədbirlərində, həssas qrupların məşğulluğunun təminatında göstərdiyi dəstəyi, irihəcmli sosial layihələrin icrasında özəl sektora aid şirkətlərlə aparılan birgə işləri qeyd edib.

 

KOBİA, AMCHAM, ATİB, TUSİAB, MÜSİAD, Caspian Energy Club, Fransa-Azərbaycan Ticarət Palatası, İsrail-Azərbaycan Ticarət Palatası, Azərbaycan İnsan Resursları Assosiasiyası, AHİK və 1000-dən çox işəgötürənlə sıx əməkdaşlıq qurulduğu, sosial tərəfdaşların reyestrinin yaradıldığı bildirilib. 

 

Sosial cəhətdən həssas qruplara, həmçinin şəhid ailələri və müharibə iştirakçılarına dəstək məqsədilə icra olunan məşğulluq proqramlarında sosial tərəfdaşlarla fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 

 

Korporativ sosial məsuliyyət proqramlarının genişləndirilməsi və çeşidinin artırılmasının əsas hədəflərdən olduğu bildirilib.

 

Digər çıxış edənlər həssas əhali qruplarının sosial dəstəklə təminatında sosial tərəfdaşların fəal iştirakının daha bir həmrəylik nümunəsi kimi təqdirəlayiq olduğunu qeyd edərək, bu sahədə görülən işləri yüksək dəyərləndiriblər.

 

Qeyd edək ki, ilk dəfə ötən il 2021-ci il üzrə korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb. 

Bu dəfə də şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin,  qadınların, gənclərin məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaşlara, habelə “Əmək və Məşğulluq" altsistemi üzərindən göndərişlər əsasında ən çox əmək müqaviləsi bağlayan özəl sosial tərəfdaşa və  bu altsistemə ən çox vakansiya yerləşdirən özəl sosial tərəfdaşa mükafatlar təqdim edilib.

 

 

 

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı