Xəbərlər 22.02.2023 11:01 3281

“Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib - FOTO + VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar, "Heydər Əliyev İli” çərçivəsində ölkənin aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının 250 nəfər nümayəndəsinin bu gün Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.

QHT.az APA-nın Naxçıvan bürosuna istinadən  xəbər verir ki, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, media qurumları, ağsaqqallar və veteranlar təşkilatlarını təmsil edən nümayəndə heyəti əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq başlayıb.

Daha sonra Heydər Əliyev Sarayında “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans işə başlayıb.

Konfransda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən əksər vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, habelə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər. Tədbirdə Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, çoxəsrlik tariximizin ən böyük nailiyyətləri məhz Heydər Əliyev siyasəti ilə bağlıdır. Ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Heydər Əliyevin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, vətəndaş cəmiyyətinin təşəkkülündə və ölkənin əsas hərəkətverici qüvvələrindən birinə çevrilməsində Ümummilli lider Heydər Əliyevin çox böyük əməyinin olduğunu vurğulayıb. Bildirib ki, məhz onun müəllifliyi və təşəbbüsü ilə 1995-ci ildə qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı. Konstitusiyanın qəbul edilməsi həm də ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının yaranmasına, formalaşmasına şərait yaradıb.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Auditorlar Palatasının sədri Vahid Novruzov konfransın böyük əhəmiyyət kəsb etdiyini deyib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da vətəndaş cəmiyyətinin daha geniş yayılması, inkişaf etməsi üçün ən qabaqcıl vətəndaş cəmiyyəti institutlarının təcrübəsinin öyrənilməsinə ehtiyac var, həm də ki, bu sahədə yerli təşəbbüsün daha da geniş yayılması üçün tədbirlər görülməlidir: “Mən bugünkü tədbirin əsas qayəsini, əhəmiyyətini vətəndaş cəmiyyəti institutlarının regionlarımızda inkişafı baxımından yüksək dəyərləndirirəm".

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda demokratik islahatların banisidir, eyni zamanda vətəndaş quruculuğunda onun əvəzsiz xidmətləri var: “Vətəndaş quruculuğu sahəsində qanun və normativ sənədlərin qəbulu məhz Ümummilli liderin adı ilə bağlıdır. Bu konfransın Naxçıvanda keçirilməsi təsadüfi deyil. Naxçıvan Azərbaycana və dünyaya Heydər Əliyevi bəxş edən qədim bir diyardır. Və bu tipli konfranslar, simpoziumlar ilboyu Azərbaycanın digər regionlarında da həyata keçiriləcək, eyni zamanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli” çərçivəsində müsabiqə elanı da nəzərdə tutub".

Daha sonra Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı işlər barəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, 44 günlük Vətən Müharibəsinin iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri və Şəhid Ailələri İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfərova və Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev çıxış ediblər.

Konfrans bitdikdən sonra qonaqlar Naxçıvan şəhəri ilə tanış olublar.

 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı