Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bir çox məsələlərə toxundu. Diqqət çəkilən məqamlardan biri də qeyri-hökumət təşkilatlarının Ermənistanın regionun ekoloji mühitinə vurduğu zərbə ilə bağlı fəaliyyətə keçməsi idi. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri. QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.

QHT sədri bildirib ki, dövlətimizin başçısının müşavirədə Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsinin Espo Konvensiyasının tələblərinə zidd olması, bu kontekstdə ölkə ictimaiyyətinin etirazları, qeyri-hökumət təşkilatlarının beynəlxalq təşkilatlara, Ermənistanın rəsmi orqanlarına müraciətlərini diqqətdə saxlaması və bu məsələyə münasibət bildirməsi cəmiyyət tərəfindən yüksək qiymətləndirilir: "Bildiyimiz kimi Azərbaycanın 24 vətəndaş cəmiyyəti təşkilatı Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub yazıb. Məktubda Ermənistanın apardığı ekoloji terrorun dayandırılması tələb olunur. QHT-lərin müraciətində konkret olaraq hazırda Ermənistanda fəaliyyət göstərən 12 müəssisənin ətraf mühitə zərəri və bu zərərin Cənubi Qafqaz regionun ekosisteminə mənfi təsirləri qeyd olunur. Yaxın tarixə nəzər salsaq,  Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi barbar davranışlar nəticəsində Azərbaycanın fauna və florasına böyük ziyan dəyib. Bu ekoloji terrorun ağır nəticələrinin aradan qaldırmaq üçün bu gün Azərbaycan dövləti milyardlarla vəsait sərf edir.  Lakin ekoloji dəyişikliyin müsbət mənada  baş verməsi üçün  həm də zamana ehtiyac olacaq.”

Naxçıvanın yaxınlığında inşa edilən zavod yeni ekoloji fəlakətə yol açacaq

C. Hüseynzadə qeyd edib ki, hazırki Ermənistanın siyasi rəhbərliyi ekoloji terroru başqa istiqamətlərə yönəltməyə başlayıb. Yeni siyasi xətt isə ondan ibarətdir ki, ekologiyaya zərbə vuran fəaliyyətlər məhz Azərbaycanla sərhəd olan ərazilərdə icra edilsin: “Buna əyani sübut kimi Naxçıvan yaxınlığında Ermənistanın tikdiyi zavodu göstərmək olar. Bu zavod bütövlükdə, regionda ekoloji tarazlığa qarşı təhdiddir. Ekoloqlar bu fikirdə həmrəydirlər ki, zavodun inşası yeni ekoloji fəlakətə yol açacaq. Onların fikrincə, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.”

Layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesində ölkəmizin də iştirakı təmin edilməli idi

Təşkilat sədrinin sözlərinə görə Azərbaycan QHT-lərinin qaldırdığı məsələ təkcə narahatlıq və yaxud xahiş deyil. Vətəndaş cəmiyyəti nümayəndələri Ermənistan dövlətindən beynəlxalq öhədliklərini yerinə yetirməyi tələb edir: “Çünki hazırda Ermənistan qoşulduğu BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasın (Espo Konvensiyası) kobud şəkildə pozur. Konvensiyaya görə, bu cür layihələrin, digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır. Başqa sözlə, Ermənistan Espo Konvensiyasının üzvü olaraq sözügedən fəaliyyətə başlamazdan öncə layihənin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurunda ölkəmizin də iştirakını təmin etməli idi. Bu qiymətləndirmədə təkcə Azərbaycanın dövlət qurumları deyil, eyni zamanda, ictimaiyyət nümayəndələri (ekspertlər, ekoloji fəallar, QHT-lər və s.) iştirak etməlidir.”

Ekspert Ermənistan dövlətinin ekoloji terror siyasətinə görə hazırda bir neçə istiqamətdən haqlı təzyiqə məruz  qaldığını bildirib: “Bu. ilk növbədə Azərbaycan QHT-lərin qaldırdığı tələblər və Ermənistan rəhbəri Nikol Paşinyana ünvanlanan açıq məktubdur. Bu məktuba tutarlı cavab verilməlidir.
İkinci istiqamət isə ondan ibarətdir, Ermənistanın ekoloji terror fəaliyyəti haqqında iyunun 29-da dünyanın 20-dən çox ölkəsinin 30-dan artıq vətəndaş cəmiyyəti təşkilatı bəyanat yayıb. Artıq Ermənistan tərəfindən ətraf mühitə vurulan zərərə qarşı QHT-lərin beynəlxalq koalisiyası formalaşmaqdadır.”

C. Hüseynzadəyə görə üçüncü istiqamət isə müşavirədə Prezident İlham Əliyevin fikirləri əsasında formalaşacaq. Belə ki, dövlətimizin başçısının müşavirədə Espo Konvensiyası istiqamətində dövlət qurumları tərəfindən fəaliyyətin davam etdirilməsinin tövsiyəsini etdi.  Dövlətimizin başçısı müşavirədə qeyd etmişdir ki,  Azərbaycan hökuməti də burada kənarda qalmamalıdır. “Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin.”

Ekspert qeyd edib ki, hazırda ekoloji terrorla, ətraf mühitə gələcəkdə  vurulan bilən zərərlə bağlı Ermənistan dövlətinə və rəhbərliyinə ünvanlanan suallar açıq qalıb. Rəsmi və ya qeyri-rəsmi tutarlı cavablar yoxdur.

Yaqut Ağaşahqızı, “İki sahil”