İmişlinin Araz sahili boyunca yerləşən yaşayış məntəqələrinin durumu Söyüdlü ilə müqayisə olunacaq fərqli bir vəziyyətdir.

Bu barədə Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib. O qeyd edib ki, İmişlidə dəhşətli fəlakət baş verib: “Şahverdili kənd sakini 33 yaşlı Asif bəy 4 yaşlı oğlu ilə birlikdə Araz çayı sahilində köhnə karyerdən yaranmış göldə boğularaq rəhmətə gediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sual edirəm ki, bu qum-çınqıl karxanalarının fəaliyyətinə kim imkan yaradıb? Bunların sayı İmişlidə yüzlərlədir. Heç bir nəzarət yoxdur. Təhlükəsizlik qaydaları barədə təsəvvür belə yoxdur. Karyer göllərinin dərinliyi 15-20 metrə çatır. Araz çayının təbii yatağı məhv olub. Normalda su qıtlığı yaşayan Araz çayında batmaq mümkünsüzdür. Amma nazirliyin səhvinə görə Qarabağ veteranı Ələsgər bəy bir oğlunu, bir nəvəsini itirdi. Gərək Ilham Əliyev desin ki, bu faciələrin qarşısı alınsın?”

QHT sədri həmçinin qeyd edib ki, ağır tonnajlı qum yükləri istismar müddətini başa vurmamış yolları məhv edib: “Dövlətə milyardlarla ziyan vurulur. Yollarda qurulan çəkiyə nəzarət edən postların hər birinin hər yükdən konkret məbləğdə rüşvəti var! Axı hara gedir bu dövlət? Kimdir cavabdeh? Buyurun cavab verin”.

İlqar Hüseynli mətbuat işçiləri, QHT rəhbərləri, iş adamlarına səslənib: “İmişli ciddi ekoloji fəlakətlə üz-üzədir. Kimsə milyonlar qazanacaq deyə buna biganə qalmayaq. Maksimum ictimailəşdirək. Bəlkə növbəti Söyüdlü olayının qarşısı indidən alınsın. İmişlini gözümüzün qabağında yox edirlər. Bir qurup ziyalı, aktivist bununla bağlı prezidentə məktub ünvanlasın. Mən də imzalamağa hazıram. Nəsə etməsək İmişli bizi lənətləyəcək, bağışlamayacaq".

 

Pərvanə Fərhadqızı