“Bəzi ölkələrdə uşaqlara və valideynlərə hər tədris ilinin əvvəlində imzalamaq üçün kiçik bir müqavilə verilir. Bu müqavilədə hər iki tərəf ailələrinin evlərində uşaq məclislərində spirtli içki və narkotik maddələri qadağan edəcəyini və bununla əlaqədar böyüklərin nəzarətini təmin edəcəyini öhdəsinə götürməyə çağırılır. Belə bir müqavilə imzalayanların adları bütün ailələr üçün açıqdır, ona görə də valideynlər övladlarının yalnız həmin siyahıda olan ailələrdə məclislərdə və şənliklərdə iştirak etmələrini təkid edə bilərlər. Bəs bizdə necədir?!”

Bu haqda QHT.az-a açıqlama verən Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov bildirib ki, uşağınızın narkotik sınadığını görsəniz, nə deyəcəyinizi bilməlisiniz: “Bu hallar olur. Əvvəlcə uşaqdan bunu niyə etdiyini soruşmaq, daha sonra bunu təkrar etməyi planlaşdırdığını soruşmaq daha yaxşıdır. Bundan sonra tövsiyə olunan şey, təhsildən, söhbətdən başlamaq və narkotik maddələrdən istifadə etməyə davam etsəniz, qaçılmaz olaraq ortaya çıxacaq nəticələr barədə öz fikrinizi aydın şəkildə ifadə etməkdir”.

Narkoekspert narkotikdən anonim və pulsuz qurtulma yollarının Azərbaycanda da olduğunu, amma işləmədiyini vurğulayıb: “Araşdırmalarım göstərir ki, uşağı valideyn yox, mühit, cəmiyyət və KİV-lər formalaşdırır. Bu isə qarşısıalınmazdır. Uşaqlarımızı qoruyaq”.

 

Pərvanə Fərhadqızı