“Qərbi Azərbayacana doğru Vətən bizi səsləyir” adlı keçirilən tədbirə şəhid Cəfərov Elməddin Hümbət oğlunun anası Cəfərova Zəhra Musa qızı da dəvət olunub. Elməddin Xızı rayonunun Şorabad qəsəbəsində doğulsa da, əslən Dərələyəz mahalının Ağkənd kəndindəndir. 2010-cu ildə Elməddin Cəfərov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində təhsil alaraq “Gizir” hərbi rütbəsi alıb və həmin ildən xidmətini davam etdirib. 2016-cı il Aprel döyüşlərində fəal iştirak edib. 2017-ci ildə təyinatı Müşfiq qəsəbəsində yerləşən “N” saylı hərbi hissəyyə verilib və həmin hərbi hissədən 27.09.2020-ci ildə Ali Baş Komandanın əmri ilə torpağlarımızın işğaldan azad olunması uğrunda başladılan “Vətən Müharibəsi”ndə iştirak edib. Elməddin döyüşlər başlayan ilk gündən ön cəbhədə vuruşub. Füzuli uğrunda gedən döyüşlərdə aldığı qəlpə yaralarından qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Elməddinin nəşi bir neçə gündən sonra ailəsinə təhvil verilərək oktyabrın 30-da torpağa tapşırılıb. Ölümündən sonra dövlət təltiflərinə layiq görülüb:
“ Vətən uğrunda “ medalı
“ Xocəvəndin azad olunmasına görə “ medalı
“ Füzulinin azad olunmasına görə “medalı
“ Cəbrayılın azad olunmasına görə” medalı
“ Cəsur döyüşçü “ medalı
3-cü dərəcəli “ Vətənə xidmətə görə “ ordeni
Bu gün Elməddin Cəfərovun iki övladı bizlərə əmanətdir. Zəhra ananın tədbirdə iştirak etməyi hər birimizə qürur verdi. Çünki torpaq müqəddəsləşdirildiyi dərəcədə bizim üçün Vətəndir. Torpaq üzərində Yurd salırıq, ev qururuq, ta qədimdən, minillərlə yaşadığımız yerə Vətən deyirik. Acı-ağrılarımızla, sevincimiz-kədərimizlə, inadımız, inamımızla var oluruq Ana Vətənin bağrında. Vətənin analıq xilqəti, qüdrəti var. Bu səbəbdən də Ana sözüylə Vətən sözü təndir. Azərbaycan qadını qəhrəman Azərbaycan əsgərinin Anasıdır. Bu gün “Azərbaycan qadını” ifadəsi daha qürurla səslənir! Savaşda oğlu şəhid olan Analarımızın qətiyyəti hamımızı duyğulandırdı.
44 günlük ikinci Qarabağ savaşı xalq olaraq yenilməzliyimizi, düşmən qarşısında əyilməzliyimizi bütün dünyaya sübut etdi. Bu savaşda uşaqdan böyüyə kimi hamı ruhən bir idi. Cəsur Azərbaycan əsgərini böyüdən, ərsəyə yetirən isə Azərbaycan qadınıdır. Düşmən üzərinə qəzəblə şığıyan, Vətən uğrunda canından keçməyə hər an hazır olan Azərbaycan əsgəri! Azərbaycan qadını zəriflik rəmzi oduğu dərəcədə də döyüşkənlik rəmzidir. Şuşanın yalçın qayalarına, dağlarına əliyalın dırmaşan, aslan biləkli oğullarımızın mənəvi güc qaynağıydı Analarımız! Yenilməz Azərbaycan əsgərlərini böyüdən Analarımız, Sizə eşq olsun! Vətən yolunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Afaq Mustafayeva
AMEA Folklor İnstitutu












