Prezident İlham Əliyevin dekabrın 7-də verdiyi sərəncama əsasən 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. QHT.az-ın növbədənkənar seçki ilə bağlı suallarını Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli cavablandırıb.

 

QHT.az: Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?

 

İlqar Hüseynli: 2024-cü il maraqlı il hesab olunur. Dünyanın 40-a yaxın ölkəsində bu və ya digər əhəmiyyətli seçkilər baş tutacaq. Həmçinin böyük güclər olan Rusiyada, ABŞ-da prezident seçkilərinin keçirilməsi də reallaşacaq. Azərbaycanda da növbədənkənar prezident seçkiləri elan olundu. Prosesin özü tam konstitosyon bir məsələdir. Hazırda ölkə prezidenti İlham Əliyevinin namizəd olduğu halda, onunla bərabər alternativlərin şanslı görünməsi müşahidə olunmur. Birmənalı şəkildə prezident İlham Əliyevin qələbə çalması realdır və hazırkı reytinqi bu imkanların əldə olunmasına cavab verir. Hətta bu müzakirə olunmamalıdır.

 

QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?

 

İlqar Hüseynli: Biz QHT olaraq əvvəllər həm seçkilərin monitorinqi baxımından, həm seçici fəallığının artırılması, seçki maarifçiliyi baxımından seçkilərin bütün mərhələlərində iştirak etmək imkanımız olurdu. Rəhbərlik etdiyim təşkilat 2008-2010-cu illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə seçki təlimi modulları hazırlamışdıq. O zaman iki ildə Azərbaycan Respublikasının müxtəlif məntəqə seçki komissiyasının 3 min üzvlərinə təlim keçmişdik. Bu böyük bir rəqəmdir. 2010-cu ildə biz seçici maarifçiliyi və seçici fəallığının artırılması istiqamətində layihə həyata, böyük seçki maarifləndirmə kampaniyaları həyata keçirmişdik. Əfsuslar olsun ki, ölkədə donor azlığı, eyni zamanda beynəlxalq təşkilatların seçki maarifçiliyinə qrant müsabiqələrin olmaması imkanlarımız ona cavab vermir ki, böyük həcmli seçki maarifçiliyi ilə məşğul olaq. Amma hər haldı Vətəndaş Cəmiyyəti İnstitutu olaraq planlarımızdan biri də lokal şəkildə yerli icmaların bu prosesdə iştirakını müşahidə etmək, prosesə cəlb etmək və müxtəlif tövsiyyələrin hazırlanması istiqamətində fəaliyyət göstərməyi planlaşdırırıq.

 

QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?

 

İlqar Hüseynli: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi məsələlərinə ixtisaslaşmış, formalaşmış, institutlaşmış təşkilatlar var ki, bu ATƏT-in müşahidə missiyası, müxtəlif təşkilatlardan formalaşmış müşahidə institutları fəaliyyət göstərəcək. Ən doğru reytinqləri, ən doğru şəffaflığı və ədalətlilik prinsipləri baxımından bu müşahidə missiyaları öz rəylərini bildirəcəklər. Belə qənaətə gəlmək olar ki, seki şəraitində ədalətsizlik, şəffaflığın olmamasına ehtiyac da görünmür. Düşünmürəm ki, hansısa qeyri-şəffaf üsullara əl atılsın. Seçki günü müşahidə olunacaq. Bununla bağlı mətbuat monitorinqlər aparacaq, seçki monitorinqi ilə məşğul olan qrumlar məntəqələrdə fəaliyyət göstərəcəklər. Hər bir seçicinin özü bir müşahidəçidir. Əlində telefon, kamera bütün proseslər yayılacaq ölkə mətbuatda görəcəyik. Kameralaşma həyata da keçirilib.

 

QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?

 

İlqar Hüseynli: Biz bir QHT sədri olaraq təşkilatımızın bir neçə üzvü Respublika üzrə MSK üzrə müşahidəçi kimi qeydiyyatdan keçib, lokal şəkildə müxtəlif məntəqələrdə müşahidələr aparmaq, öz təşkilatımızın fikirlərini cəmiyyətə təqdim etmək imkanımız olacaq. Təbii ki, böyük həcmli layihələr olsaydı seçki maarifçiliyi məsələləri ilə məşğul olardıq. Bu məsələdə zaman azdır və maliyyə resurslarının olmaması seçici maarifçiliyi, seçici aktivliyinin imkanlarına kütləvi şəkildə cavab vermir.

 

Pərvanə Fərhadqızı