QHT.az "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova ilə müsahibəni təqdim edir.

 

QHT.az: Təşkilatınız nə zaman yaranıb və məqsədi?

 

Cəmilə Abdulova: Təşkilatımız 2012- ci ildə yaranıb. Bu təşkilat, yaranmasına ehtiyacın olduğu dövürdə , eşitmə məhdudiyyətli şəxslər üçün yaradılan ilk təşkilatlardan biridir. 2016-cı ildən Dövlət qeydiyyatına alınaraq bu günə kimi fəaliyyət göstərir. Fəaliyyətimizin məqsədi:  eşitmə və nitq məhdudiyyətli uşaq və onların valideynlərini bir araya gətirmək. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərini marifləndirmək, onlarla mütəmadi görüşlər keçirməklə,    onların problemlərini dövlət qrumlarına çatdırmaqda onlara yardım etməkdi. Eşitmə məhdudiyyətli şəxslərin vaxtlarının səmərəli keçirilməsi məqsədilə  müxtəlif qrup şəklində məşqələlər, turlar, gəzintilər,sosial yönümlü layihələr, peşəyönümlü kurslar təşkil etmək də fəaliyyət istiqamətlərimizdəndir. Təşkilatımız Əlil Təşkilatlar İttifaqı və Vərəm Əleyhinə QHT Koalisiyasının üzvüdür.

 

QHT.az: Azərbaycanda neçə eşitmə məhdudiyyətli şəxs var və təşkilatın üzvlərinin sayı?

 

Cəmilə Abdulova: Ümümdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən dünyada hər 4 nəfərdən biri eşitmə məhdudiyyətlidir. Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşkilatımıza verdiyi rəsmi məlumata əsasən Azərbaycanda eşitmə məhdudiyyətlilərin sayı 12360 nəfərdir. Bizim üzvlərimiz neçə nəfərdir sualına gəlincə, biz ailəsində eşitmə məhdudiyyətli olan və bizə müraciət edən hər bir kəsin ailəsiyik deyirik. Bizim təşkilatımız tam eşitməyən, zəif eşidən, cihazlı və koxlear implantlı hər bir şəxsin hüququnu qorumaq üçün çalışır və onlar üçün atılan hər bir addımda yaxından iştirak etməyə hazırdır.

 

QHT.az: Təşkilatınızın Azərbaycan Respublikasının Dövlət Himnin Jest dilində səslənməsi demək olar ki, cəmiyyətdə eşitmə məhdudiyyətli şəxsləri daha da önə çəkdi. Bir çox tədbirlərin açılışında məhz bu Himnin səslənməsi, cəmiyyət tərəfdən maraqla qarşılanır. Eşitmə məhdudiyyətli şəxslər üçün daha hansı layihələr icra etmisiniz?

 

Cəmilə Abdulova: Təbii ki, Azərbaycan Himnin Jest dilində tərcüməsi bizim ən qürurverici layihəmizdir. Bu Himnin tədbirlərin açılışında səsləndirilməsini əlilliyi olan şəxslərə diqqətinin nümunəsi kimi dəyərləndiririk. Biz təşkilat olaraq Jest dilində danışanlarla ünsiyyət qurmaq istəyən insanlar üçün “Səssiz dünyaya körpü” adlı kitab nəşr etmişik.  Bu kitabda 700 dən çox jest var. Bu eşitmə məhdudiyyətli insanlarla Jest dilində danışmaq üçün çox gözəl vasitədir.  Həmçinin Jest dilin təbliği və tanınması üçün təşkilatımıza Ali təhsil müəssisələrindən müraciətlər olur. Biz də təşkilatımızın eşitmə məhdudiyyətli gəncləri ilə bərabər müxtəlif ali təhsil ocaqlarında bu dilin təbliğini həyata keçiririk. Çox sevindirici haldır ki, tələbələr arasında Jest dilini öyrənənlərin sayı günü gündən artır. Maraqlı layihələrimiz olduqca çoxdu . Onlardan biri də eşitmə məhdudiyyətli oğlanlarımızla olub. Bildiyimiz kimi əlilliyi olan şəxslər hərbi xidmətə çağrılmır. Lakin onların içində olan “hərbi xidmətdə əsgərlər nə edir?” sualını, biz onlar üçün reallaşdırdıq. Bir gün hərbi hissədə qonaq olan eşitmə məhdudiyyətli gənclərimiz, əsgər geyimi geyinib, silah sursatla tanış olub, hərbi hissədə xidmət göstərən əsgərlərlə birgə gün ərzində xidmətdə oldular. Bir günü hərbidə keçirən gənclərmizlə birgə “Mən əsgər olsam” sosial çarxı da çəkilib və yutube səhifəmizdə paylaşılıb. Bu arada onu da qeyd edim ki, təşkilatımızın “Nərgiz” adlı tam səssiz qısa metrajlı filmi də cəmiyyət tərəfindən çox bəyənilib. Bu il əlillər günü ərəfəsində “Bəs o ...?” adlı sosial çarxla isə cəmiyyətin diqqətini eşitmə məhdudiyyətli şəxslərə yönəldərək, onların səsssiz həyatlarını əks etdirməyə çalışdıq. Rolik və filimlərdə çəkilən eşitmə məhdudiyyətli gənclərimiz bu işdə sanki peşəkardılar. Bu cür çəklişlər həm onlara həm də digər eşitmə məhdudiyyətli şəxslərin inkişafına bir stimuldur.

 

QHT.az: Eşitmə məhdudiyyətli insanlar çox istedadlı olur. Onların istedadlarının üzə çıxarılmasında təşkilatınızın rolu böyükdü. Bu istiqamətdə nə deyərdiniz?

 

Cəmilə Abdulova: Təşkilatımız hər zaman eşitmə məhdudiyyətli gənclərin istedad və bacarıqlarını üzə çıxarılması üçün müxtəlif layihələrdə iştirak edir. Təşkilatımızda istedadlı gənclərimiz çoxdu. Onlar rəsm, əl işləri, muncuq, toxuma , dərzi, şirniyyatçı, gözəllik salonu işləri və s.işlərlə cəmiyyətə inteqrasiya edirlər. Biz də təşkilat olaraq istedadlı gənclərimizə mütamadi olaraq satış sərgilər keçirməklə dəstək oluruq.Təşkilatımız eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya olunması, inkişafı, digər şəxslərlə bərabər hüquqlu olması üçün müxtəlif işlər görür. Bu il eşitmə məhdudiyyətli şəxslərin mədəniyyət festivalına tərəfdaş olaraq qatıldıq. Festivalda gənclərimizin rəsm əsərləri sərgiləndi, şirniyyatçılarımız öz şirniyyatlarını qonaqlara təqdim etdi, Səhnədə olan eşitmə məhdudiyyətli qızlarımız moda nümayişi, aktyorluq bacarıqları və məhşur müğənnilərin mahnılarını onlarla birgə Jest dilində ifa etdilər. Ümumiyyətlə təşkilatımızın nəzdində fəaliyyət göstərən mədəniyyət şöbəmiz il boyu eşitmə məhdudiyyətli gənclərimizlə birgə müxtəlif mədəni tədbirlərə dəvət alır. Tədbirlərdə mahnı və rəqslərini nümayiş etdirirlər ki, bu da eşitmə məhdudiyyətli gənclərin cəmiyyətə mədəniyyət sahəsində inteqrasiyasını təmin edir. Həmçinin idman sahəsində də naliyyət göstərən idmançılarımız var. Onların istedadlarını da vurğulamasam olmaz. Təşkilatımız həmçinin ölkəmizdə yaranan Ablimpiya Komitəsinin idarə heyyətinin üzvüdür. Bu il Fransada keçirilən doqquzuncu Ablimpiya çempiyonatına ilk dəfə qatılan Azərbaycanlı gənclər sırasında iki eşitmə məhdudiyyətli gənclərimizdə yarışlarda iştirak etdi. Bir fikri də əminliklə qeyd etmək istəyirəm ki, yaxın zamanda Azərbaycanda Deflimpiya komitəsinin yaranması xəbərini eşidəcəyik. Əlbəttə ki, bu bizim eşitmə məhdudiyyətli şəxslərmizin idmana inteqrasiya olunması üçün qarşımıza qoyduğumuz hədəflərdən biri idi. Dünyanın bir çox ölkələrində yaradılan Deflinpiya komitəsinin Azərbaycanda yaranması, eşitmə məhdudiyyətli şəxslər üçün çox önəmlidir.

 

QHT.az: Eşitmə məhdudiyyətli şəxslərin maarifləndirilməsi təşkilatınızın fəaliyyət istiqamətinə daxildir. Bu il , bu istiqamət üzrə nə kimi layihələr icra etmisiz?

 

Cəmilə Abdulova: Bu il maarifləndirmə tədbirlərimiz müxtəlif istiqamətlərdə oldu. İlk növbədə qeyd edim ki, eşitmə məhdudiyyətli şəxslər hər zaman informasiya balansının azlığından əziyyət çəkirlər. Təşkilat olaraq hər zaman çalışırıq ki, bu istiqamətdə onlara daima yardım edək. Elə bu il icra etdiyimiz bir çox layihələr məhz buna fokslanıb. Azərbaycan Respublikası QHT-lərə Dəstək Agentliyinin maliyyə dəstəyi ilə İcbari Tibbi Sığortanın eşitmə məhdudiyyətli şəxslər üçün əlçatanlığının təmin edilməsi istiqamətində İTS-da Jest dilində məlumat bazasını yaratdıq, video QK-lu buklet və kitapçalar çap edib 400 dən çox tibb müəssisələrinə təhvil verdik. Bununla da İcbari Tibbi Sığortanın eşitmə məhdudiyyətli şəxslərə əlçatan olmasını qismən təmin etmiş olduq. Həmçinin muzeylərə turlar təşkil edirik.  Muzey tədbirlərimizdən birini eşitmə məhdudiyyətlilər həftəsi ərəfəsində təşkil olundu. Suraxanı Gəmi Muzeyi tərəfindən təşkilatımız üçün keçirilən tədbirə hazırlıq iki ay davam etdi.  Suraxanı gəmi muzeyində olan video roliklər təşkilatımız tərəfindən Jest dilinə tərcümə edildi və təşkilatımızın bir gəncinə Jest dilində ekursiya keçməsi üçün təlimlər təşkil edildi ki, bu da eşitmə məhdudiyyətli gənclərimizin ekskursiya zamanı Jest dilində məlumatların almasında dəstək oldu.

 

QHT.az: Təşkilat olaraq gəzintilər də təşkil edirsiniz. Bu haqda da məlumat versəniz həm oxucular həm də eşitmə məhdudiyyətli gənclərin ailələri xəbərdar olar.

 

Cəmilə Abdulova: İstirahət hər zaman lazımdı (Gülür). Əlbəttə ki, bilirsiniz eşitmə məhdudiyyətli şəxslər ətrafı gözləri ilə eşidir. Biz də bunu düşünüb onlar üçün müxtəlif aktivitilər və gəzintilər təşkil edirik. Bildirdiyim kimi biz bütün kateqoriyadan olan eşitmə məhdudiyyətli cihazlı, koxlear implantı, tam eşitməyən, zəif eşidən şəxslərlə çalışırıq. Balacalarımız üçün mollarda olan müxtəlif əyləncə mərkəzlərinin dəstəyi ilə əyləncələr təşkil edirik. Gənclərimiz üçün regionlara turlar təşkil edirik. Turlara gənclərlə birgə valideyinlər də qatılır. Çox maraqlı və əyləncəli gəzintilərimiz keçir. Təşkilat olaraq unudulmaz səfərimiz Prezident Administrasiyasının dəstəyi ilə Şuşa şəhərinə təşkil etdiyimiz səfər oldu. Gənclərimiz təşkilatımızın “Səssisliyin səsi olaq!” şüarını mədəniyyət paytaxtı Şuşaya apardılar. Deyərdim ki, bu bizim təşkilatın ən “Şah” gəzintisi oldu.

 

QHT.az: Dövlət qurumları ilə əməkdaşlıq , təklif, məqsəd, nailiyyətlər və gələn il üçün  gözləntiləriniz haqqında qısa məlumat istərdik.

 

Cəmilə Abdulova: Hər il sentyabr ayının son həftəsi Dünya eşitmə məhdudiyyətlilər günü kimi qeyd olunur. Biz də bu il Heydər Əliyevin 100 iliyi ərəfəsində “Səssizliyin səsi olaq” adlı  tədbir həyata keçirdik. Tədbirə Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Ailə, Uşaq və Qadın Komitəsi, Ombudsman aparatı, İcbari Tibbi Sığorta Agentliyi nümayəndələri iştirak etdi. Dövlət qrumlarının nümayəndələri ilk öncə Ulu öndər Heydər Əliyevin uşaqlara qayğısından söz açdı. Daha sonra eşitmə məhdudiyyətli şəxslərin çətinliklərindən, naliyyətlərindən, Dövlərimizin gördükləri və görəcəkləri işlərdən danışdılar. Dövlət qurumlarının tədbirimizdə iştirakı və eşitmə məhdudiyyətli şəxslər haqqında fikirləri təşkilat olaraq bizi çox sevindirdi. İl boyu eşitmə məhdudiyyətli şəxslərin ailələri ilə mütamadi görüşlərdə onları narahat edən problemləri qeydə alaraq, təkliflər hazırlayıb aidiyyatı qurumlara veririk. Hətta bu il İcbari Tibbi Sığorta Agentliyindən bir sevindirici xəbər aldıq. Dəyəri çox olan əməliyyatlardan biri sayılan koxlear implant əməliyyatına limit aradan qalxdı. İcbari Tibbi Sığorta Agentliyinin təşkilatımıza verdiyi rəsmi məlumata əsasən 2020-2023-cü ilin sentyabr ayı da daxil olmaqla, İcbari Tibbi Sığorta tərəfindən koxlear implant edilmiş şəxslərin sayı  496 nəfər təşkil edir. Koxlear implant əməliyyatl olan uşaqlar üçün Dünya praktikasına əsaslanaraq cihazlarının sığortalanmasını və reablitasiyaya əlçatanlığının təmin olunması bu istiqamətdə qarşıya qoyduğumuz preoritet məsələlərdən biridir. Təkliflərimizdən ən önəmlisi eşitmə azlığının  erkən aşkar olunması üçün Respublikada olan bütün doğum evlərini, eşitmənin skriniq edilməsi üçün cihazlarla təmin edib, yenidoğulmuş körpələrdə eşitmə dərəcəsini aşkarlamaqdır. Körpə uşaqlarda eşitmə azlığının erkən aşkarlanması, vaxtında və düzgün müdaxilə edilib, reablitasiyaya cəlb olunması, gələcəkdə həm əlilliyin qarşısının alınmasında,  həm də uşaqların inkişafı üçün çox vacibdir. Təşkilatımız həmçinin uşaqların düzgün inkişafı üçün müxtəlif nitq inkişaf mərkəzləri ilə əməkdaşlıq edir. Təbii ki, eşitmə məhdudiyyətli şəxslərin problemləri olduqca çoxdu. Gənclərimizin ən böyük problemi işsizlikdir. İnanıram ki, Dövlərimiz bu istiqamətdə eşitmə məhdudiyyətli gənclər üçün ciddi işlər görəcək. 2024-cü il üçün təkliflərimiz çox, hədəfimiz isə eşitmə məhdudiyyəti olan eşitmə cihazlı, koxlear implantlı, tam eşitməyən şəxslərin təhsil, reablitasiya, idmana çıxış imkanlarını, məşqulluq problemlərini, səhiyyədə olan çətinliklərini və ümumiyyətlə cəmiyyətə inteqrasiyasının həllini, aidiyyatı qurumların dəstəyi ilə təmin etməkdir. Sonda “Səssizliyin səsini” dinlədiyiniz üçün hər birinizə təşəkkürümüzü bildiririk!

 

 

Pərvanə Fərhadqızı