Beynəlxalq Könüllü Agentliklər Şurası (ICVA) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) tərəfindən yaradılmış PSEA İcma Maarifləndirmə və Kommunikasiya Fondu üzrə 2026-cı il müraciətləri qəbul edilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Fondun məqsədi humanitar yardım alan icmalar arasında cinsi istismar və sui-istifadənin (SEA) qarşısının alınması istiqamətində maarifləndirmə və potensialın gücləndirilməsi fəaliyyətlərini dəstəkləməkdir.

2026-cı ildə Fond iki istiqamət üzrə maliyyə dəstəyi təqdim edir:

Qısamüddətli qrantlar
Çoxillik qrantlar

Layihələr yalnız aşağıdakı ölkələrdə həyata keçirilə bilər: Əfqanıstan, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Livan, Fələstin, Somali, Cənubi Sudan, Sudan və Yəmən.

Müraciət edən təşkilatlar yerli və ya milli QHT, vətəndaş cəmiyyəti təşkilatı və ya QHT şəbəkəsi olmalı, rəsmi qeydiyyata malik olmalı, beynəlxalq maliyyə vəsaitlərini qəbul edib hesabat verə bilməli, PSEA və ya mühafizə siyasətinə sahib olmalı və illik büdcəsi ən azı 100 min ABŞ dolları təşkil etməlidir.

Müraciətlər 19 may 2026-cı il tarixində başlayıb və 14 iyun 2026-cı il saat 23:59-dək (CET) davam edəcək. Ərizələr yalnız onlayn qaydada qəbul olunur.

Qeyd edək ki, yalnız qısa siyahıya düşən təşkilatlarla əlaqə saxlanılacaq və ilkin seçim prosesinin 10 iyul 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulur.