10 iyun 2026-cı il tarixində "Şəhərsalma və Memarlıq İli" çərçivəsində Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi" mövzusunda konfrans keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər. Konfransda Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin olunması və ölkənin inkişaf yoluna çıxarılmasındakı misilsiz xidmətlərindən bəhs olunub.

"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova konfransda çıxış edib:

"Biz də ötən il olduğu kimi, şəhid anası və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri olaraq tədbirdə iştirak etdik.

Milli Qurtuluş Gününün xalqımızın taleyindəki əhəmiyyəti, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və şəhidlərimizin bizə əmanət etdiyi Vətən dəyərlərinin qorunmasının vacibliyi bir daha vurğulandı.

Belə tədbirlər milli birlik və həmrəyliyin gücləndirilməsinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə və tariximizin mühüm səhifələrinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.

Dəvətə görə təşəkkür edirəm".