"Hər il 12 iyun tarixi dünyada Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar gün uşaqların əmək istismarından qorunmasının vacibliyini bir daha gündəmə gətirir və onların təhsil, sağlamlıq, təhlükəsizlik və hərtərəfli inkişaf hüquqlarının təmin olunmasına diqqəti artırır".
Bu sözləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib.
O bildirib ki, təəssüf ki, bu gün də dünyanın müxtəlif ölkələrində minlərlə uşaq öz uşaqlığını yaşamaq, təhsil almaq və inkişaf etmək əvəzinə müxtəlif əmək fəaliyyətlərinə cəlb olunur. Uşaq əməyinin əsas səbəbləri arasında yoxsulluq, sosial problemlər, təhsil imkanlarının məhdudluğu və ailələrin maddi çətinlikləri dayanır.
Fatimə Hacıbəyli qeyd edib ki, Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazası mövcuddur və müvafiq dövlət qurumları tərəfindən nəzarət tədbirləri həyata keçirilir. Lakin qanunların effektiv icrası ilə yanaşı, cəmiyyətin bütün üzvlərinin bu məsələyə həssas yanaşması da böyük əhəmiyyət daşıyır.
Müsahib vurğulayıb ki, qeyri-hökumət təşkilatları uşaq hüquqlarının müdafiəsində mühüm rol oynayır. Maarifləndirmə tədbirlərinin təşkili, risk qrupunda olan ailələrlə iş, uşaqların təhsilə cəlb olunmasının təşviqi və ictimai nəzarətin gücləndirilməsi QHT-lərin əsas fəaliyyət istiqamətlərindəndir. Dövlət qurumları, vətəndaş cəmiyyəti və media arasında əməkdaşlıq bu sahədə daha uğurlu nəticələrin əldə edilməsinə şərait yaradır.
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyi hesab edir ki, uşaq əməyinin qarşısının alınması üçün ailələrin sosial rifahının yaxşılaşdırılması, təhsil imkanlarının genişləndirilməsi, valideynlərin maarifləndirilməsi və qanunvericiliyin icrasına nəzarətin gücləndirilməsi vacib istiqamətlərdir.
O son olaraq bildirib ki, uşaqlar gələcəyimizin təminatıdır. Onların təhlükəsiz, sağlam və xoşbəxt mühitdə böyüməsi üçün hər birimiz məsuliyyət daşıyırıq. Uşaq əməyinə yox demək, uşaqların hüquqlarını qorumaq və onlara layiqli gələcək yaratmaq hamımızın ortaq vəzifəsidir.
Piranə Xasiyeva






