Populyar mesajlaşma platforması WhatsApp sistem tələblərini yeniləyərək bəzi köhnə Android versiyalarına dəstəyi dayandıracağını açıqlayıb. Yeni qərara əsasən, 8 sentyabr 2026-cı il tarixindən etibarən Android 5.0 və Android 5.1 əməliyyat sistemi ilə işləyən cihazlarda tətbiqdən istifadə mümkün olmayacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, şirkətin yaydığı məlumata görə, həmin tarixdən sonra WhatsApp yalnız Android 6.0 və daha yeni əməliyyat sistemlərinə malik smartfonlarda fəaliyyət göstərəcək. Dəyişiklik həm standart WhatsApp tətbiqinə, həm də biznes istifadəçiləri üçün nəzərdə tutulan WhatsApp Business versiyasına şamil olunacaq.

WhatsApp istifadəçilərə söhbət tarixçələrini itirməmək üçün məlumatlarını əvvəlcədən ehtiyat nüsxəyə köçürməyi tövsiyə edib. Məlumatlar Google Drive vasitəsilə və ya cihazın daxili yaddaşında saxlanılan yerli ehtiyat nüsxələrdən bərpa edilə bilər.

Dəstək siyahısından çıxarılan cihazlarda tətbiqdən istifadəni davam etdirmək üçün əməliyyat sisteminin yenilənməsi və ya daha yeni cihazdan istifadə edilməsi tələb olunacaq.

Apple cihazları üçün isə hazırda hər hansı dəyişiklik nəzərdə tutulmur. WhatsApp iOS 15.1, iPadOS 15.1 və daha yeni versiyalarla işləyən iPhone və iPad modellərində fəaliyyətini davam etdirəcək.

Şirkət köhnə əməliyyat sistemlərinə dəstəyin dayandırılmasını tətbiqə əlavə olunan yeni texniki funksiyalarla əlaqələndirib. Bildirilir ki, yeni imkanların işləməsi üçün daha müasir proqram təminatına ehtiyac yaranır. Buna görə də köhnə nəsil əməliyyat sistemləri mərhələli şəkildə dəstək siyahısından çıxarılır.

Piranə Xasiyeva