Avropa İttifaqı 2028-2034-cü illəri əhatə edəcək yeni yeddiillik büdcəsinin hazırlanması üzərində işləyir. Qarşıdakı dövr üçün maliyyə prioritetlərini müəyyən edəcək bu sənəd kənd təsərrüfatından elmi tədqiqatlara, humanitar yardımlardan fövqəladə hallara cavab tədbirlərinə qədər bir çox sahəni əhatə edəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, Aİ-nin Çoxillik Maliyyə Çərçivəsi (MFF) adlanan büdcə sənədinin hazırlanması iki illik prosesdir və hazırda müzakirələrin əsas mövzularından biri xarici maliyyələşdirmə məsələsidir.
Xarici maliyyələşdirmə inkişaf əməkdaşlığı, humanitar yardım və Aİ-yə namizəd ölkələrə ayrılan vəsaitləri əhatə edir. Lakin bu istiqamətdə iki əsas problem mövcuddur.
Birinci problem Aİ üzvü ölkələr arasında xarici maliyyələşdirməyə ayrılacaq vəsaitin həcmi ilə bağlı fikir ayrılıqlarının olmasıdır. Bir çox Avropa ölkəsi son dövrlərdə müdafiə xərclərinə və daxili iqtisadiyyatın gücləndirilməsinə daha çox vəsait yönəltdiyi üçün inkişaf yardımları üçün ayrılan milli büdcələri azaltmağa başlayıb.
Bu vəziyyət Aİ-nin beynəlxalq inkişaf və humanitar yardım siyasətinin gələcəyi ilə bağlı suallar yaradır. Ekspertlər hesab edirlər ki, yeni büdcə yalnız maliyyə bölgüsü deyil, həm də Avropa İttifaqının gələcək geosiyasi prioritetlərini müəyyənləşdirəcək mühüm sənəd olacaq.
Müzakirələr zamanı inkişaf yardımı, humanitar dəstək və geosiyasi strategiyanın eyni maliyyə çərçivəsində necə tarazlaşdırılacağı əsas məsələlərdən biri kimi qiymətləndirilir.
Aİ-nin 2028-2034-cü illər üçün büdcəsi qəbul olunduqdan sonra növbəti yeddi il ərzində həm üzv dövlətlərə, həm də beynəlxalq tərəfdaşlara ayrılacaq maliyyənin istiqamətləri müəyyənləşəcək.
Piranə Xasiyeva






