Konqo Demokratik Respublikası və Uqandada davam edən Ebola epidemiyası beynəlxalq səhiyyə qurumlarının diqqət mərkəzində qalmaqda davam edir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, virusun yayılmasının qarşısını almaq üçün həm maliyyə dəstəyinin artırılmasına, həm də effektiv peyvəndin hazırlanmasına təcili ehtiyac var.
QHT.az xarici mediaya istinadən bildirir ki, epidemiyanın yayılmasına səbəb olan Bundibugyo növü Ebola virusuna qarşı hazırda təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə vasitəsi mövcud deyil. Bu səbəbdən alimlər və səhiyyə qurumları yeni peyvəndin hazırlanması istiqamətində fəaliyyətlərini sürətləndiriblər.
Bununla yanaşı, epidemiya ilə mübarizə üçün müxtəlif maliyyə vədləri verilsə də, ayrılması nəzərdə tutulan vəsaitlərin böyük hissəsinin hələ də ehtiyac olan bölgələrə çatdırılmadığı qeyd olunub. Ekspertlər hesab edirlər ki, maliyyə çatışmazlığı xəstəliyin yayılmasının qarşısının alınması və səhiyyə xidmətlərinin gücləndirilməsi istiqamətində görülən işləri ləngidə bilər.
Mütəxəssislərin fikrincə, Ebola ilə mübarizədə uğur qazanmaq üçün həm elmi araşdırmaların sürətləndirilməsi, həm də vəd edilən maliyyə dəstəyinin operativ şəkildə bölgələrə yönəldilməsi vacibdir.
Hazırda beynəlxalq təşkilatlar və səhiyyə qurumları epidemiyanın nəzarət altına alınması üçün fəaliyyətlərini davam etdirirlər.
Piranə Xasiyeva






