Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Vəkil Günü münasibətilə təntənəli tədbir baş tutub. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutu, Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası, ARVK-nın rəhbərliyi və üzvləri, vəkil qurumlarının rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

QHT.az xəbər verir ki, mərasimdən öncə ARVK rəhbərliyi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Tədbir dövlət himni və vəkil marşının səsləndirilməsi ilə başlayıb, şəhidlərin və digər əziz xatirələrin anılması ilə davam edib. Açılış nitqində Kollegiyanın sədri Anar Bağırov Azərbaycan vəkilliyinin 105 illiyini, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 25 illiyini və Kollegiyanın 20 illiyini qeyd edib. Vəkillik fəaliyyətinin inkişafı, informasiya texnologiyalarının tətbiqi və gənclərlə əməkdaşlıq mövzusunda görülən işlərdən danışılıb. Xüsusilə, pulsuz hüquqi yardım aksiyalarının və elektron müqavilə sisteminin uğurları vurğulanıb.

Tədbirdə II Hüquq Olimpiadasının qalibləri, ARVK-nın aktiv üzvləri və müxtəlif layihələrdə fərqlənən şəxslər mükafatlandırılıb. Hüquq müdafiəçiləri və digər çıxışçılar vəkillərin ölkənin hüquqi sistemindəki rolunu yüksək qiymətləndiriblər. Bu tədbir həm də vəkilliyin inkişafına və hüquqi yardıma əlçatanlığın artırılmasına yönəlmiş səylərin bir göstəricisi kimi yadda qalıb.