"Məktəblilərə silahlı hücum kənar şəxs və ya şəxslər tərəfindən, həmçinin məktəbdə təhsil alan şagird tərəfindən törədilə bilər. Birinci növbədə səbəbləri aydınlaşdıraq".

Bu fikirləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib.

Z.Mustafayevanın sözlərinə görə, uşaqların davranışında aqressiyanın yaranmasına həm ailə və məktəb mühiti, həm də psixoloji amillər təsir göstərə bilər:

"Uşağın ailədə diqqətdən kənarda qalması, müəyyən şəbəkələrdə aqressiv məzmunlu oyunlara cəlb olunması, psixoloji gərginlik yaşaması və məktəbdə bu aqressiyanı digər şagirdlərə yönəltməsi belə hallara səbəb olan amillər sırasında yer ala bilər. Eyni zamanda, şagirddə baş verən dəyişikliklərin müəllim və məktəb psixoloqunun diqqətindən yayınması, müəllim tərəfindən digər şagirdlərin qarşısında alçaldılması və fərqləndirilməsi də onun özünü hər hansı yolla təsdiqləməyə çalışmasına gətirib çıxara bilər".

Zenfira Mustafayeva bildirib ki, məktəb və ailə arasında davamlı əməkdaşlıq şagirdlərin davranışındakı problemlərin erkən aşkarlanmasına kömək edə bilər:

"Belə halların qarşısının alınmasında məktəb-valideyn-müəllim əməkdaşlığının mühüm rolu var. Məktəb rəhbərliyi, müəllimlər və psixoloqlar hər bir şagird haqqında kifayət qədər məlumata malik olmalı, onun davranışında baş verən kiçik dəyişiklikləri belə vaxtında müşahidə etməli, şagirdlə fərdi söhbətlər aparmalı və zərurət yarandıqda valideyni məlumatlandırmalıdır".

O vurğulayıb ki, müəllim şagirdin yalnız təhsil prosesini deyil, onun davranış və problemlərini də diqqətdə saxlamalıdır:

"Müəllimin vəzifəsi yalnız 45 dəqiqəlik dərs müddətində şagirdə müəyyən bilikləri çatdırmaqla məhdudlaşmamalıdır. Müəllim şagirdin davranış və hərəkətlərini müşahidə etməli, onun qarşılaşdığı problemləri müəyyənləşdirməli və lazımi dəstəyi göstərməlidir. Təəssüf ki, mövcud təhsil mühitində bu istiqamətdə müəyyən çatışmazlıqlar müşahidə olunur".

Zenfira Mustafayeva məktəblərdə təhlükəsizliyin təmin olunması üçün həm texnoloji, həm də fiziki nəzarət mexanizmlərinin gücləndirilməsini vacib sayıb:

"Məktəblərdə internet şəbəkəsi vasitəsilə zərərli və yaşa uyğun olmayan saytlara girişin məhdudlaşdırılması, eləcə də kibertəhlükəsizliklə bağlı maarifləndirmə işlərinin aparılması vacibdir. Bununla yanaşı, məktəbə giriş-çıxışa nəzarət, müşahidə sistemləri, mühafizə xidmətləri və təcili çağırış imkanları gücləndirilməlidir".

Z.Mustafayevanın sözlərinə görə, məktəbdə psixoloji xidmətin gücləndirilməsi və valideynlərin prosesə daha fəal cəlb olunması vacibdir:

"Valideyn məktəblə sıx əməkdaşlıq etməli, məktəbdə psixoloji xidmətin fəaliyyəti gücləndirilməlidir. Təhsil sistemində mövcud olan bir sıra boşluqlar həm valideynlərdə, həm də şagirdlərdə psixoloji gərginliyin və aqressiv davranışların yaranmasına səbəb ola bilər".

O qeyd edib ki, müəllimlər aqressiv davranışların ilkin əlamətlərinə vaxtında reaksiya verməli və problemin mənbəyini müəyyənləşdirməlidirlər:

"Bu baxımdan müəllim şagirdlərlə düzgün ünsiyyət qurmalı, onların problemlərini vaxtında müəyyənləşdirməli və lazımi dəstəyi göstərməlidir. Şagirdin digər şəxslərə qarşı aqressiv davranış nümayiş etdirməsi müşahidə olunduqda isə vəziyyətə vaxtında müdaxilə edilməli və problemin səbəbləri araşdırılmalıdır".

Fatimə Nəbiyeva