BMT-nin növbəti baş katibinin sülhün təmin olunmasına, Təhlükəsizlik Şurasında islahatlara və iqlim maliyyələşməsinin artırılmasına diqqət yetirməli olduğu bildirilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, 2021-ci ildə keçirilən COP26-nın prezidenti olmuş Alok Sharma Devex Impact House tədbirində COP31-in əsas məsələsinin verilən iqlim vədlərinin real nəticələrə çevrilməsi olacağını deyib. O bildirib ki, iqlim maliyyələşməsi əhəmiyyətli dərəcədə artsa da, vəsaitlərin ən çox ehtiyac duyulan ölkələrə çatdırılması təmin edilməlidir.
Sharma qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq sistem hazırda təzyiq altındadır. Onun sözlərinə görə, növbəti BMT baş katibi ölkələri bir araya gətirməli, mövcud dünya nizamının yenilənməsinə və ya yeni sistemin qurulmasına töhfə verməlidir.
O, həmçinin BMT Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayıb. Sharma Afrikanın, Latın Amerikasının və Hindistanın Şurada daha güclü təmsil olunmasının zəruriliyini qeyd edib.
Keçmiş COP26 prezidenti hesab edir ki, növbəti baş katib həm beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, həm də iqlim maliyyəsinin real ehtiyac olan ölkələrə yönəldilməsinə diqqət yetirməlidir.












