23 Sentyabr – Beynəlxalq İşarə Dilləri Günü münasibətilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin dəstəyi və ASCO-nun iştirakı ilə “Suraxanı” gəmi-muzeyində eşitmə və nitq məhdudiyyətli şəxslər üçün xüsusi ödənişsiz ekskursiya təşkil olunub.
“Səssizliyin səsi olaq” devizi ilə keçirilən tədbirin əsas məqsədi eşitmə məhdudiyyətli şəxslərin mədəni irsə və muzeylərə çıxış imkanlarının genişləndirilməsi, işarə dilindən istifadə etməklə məlumatın əlçatanlığının təmin olunması və inklüziv cəmiyyətin təşviqidir.
Ekskursiya zamanı iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olub, gəminin tarixi, Azərbaycan dənizçilik irsi və nümayiş etdirilən eksponatlar haqqında işarə dili vasitəsilə ətraflı məlumat əldə ediblər. Ekskursiyaya işarə dili üzrə tərcüməçi Nərgiz Abdulova bələdçilik edib.
Tədbir iştirakçıları yalnız muzey eksponatları ilə tanış olmaqla kifayətlənməyib, interaktiv oyun və simulyasiya avadanlıqlarından da istifadə edərək müxtəlif gəmi əməliyyatlarını sınaqdan keçirib, dəniz naviqasiyası haqqında praktiki təsəvvürlər əldə ediblər.
Muzeylərdə əlçatanlığın artırılması istiqamətində mühüm addım
“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi hesab edir ki, mədəniyyət və tarixi irs hər kəs üçün əlçatan olmalıdır. İşarə dili ilə təqdim olunan məlumatlar eşitmə məhdudiyyətli şəxslərin muzeylərdən daha sərbəst və bərabər şəkildə yararlanmasına mühüm imkan yaradır.
Qeyd edilib ki, “Suraxanı” gəmi-muzeyi ilə uzunmüddətli əməkdaşlığımız nəticəsində artıq bir neçə ildir eşitmə və nitq məhdudiyyətli ziyarətçilərin ekspozisiya haqqında məlumatları rahat əldə etmələri üçün surdo-tərcümə ilə video materiallar təqdim olunur və işarə dili ilə xüsusi ekskursiyalar təşkil edilir.
İctimai Birlik hesab edir ki, bu kimi təşəbbüslər yalnız bir günlük tədbir deyil, davamlı inklüzivlik və əlçatanlıq mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Səssizliyin səsi olaq!”
İşarə dili əlçatanlığın, bərabərliyin və cəmiyyətə tam inteqrasiyanın mühüm vasitəsidir.












