24 mart 2026-cı il tarixində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının və TƏBİB-in Ağciyər Xəstəlikləri Mərkəzinin birgə təşkilatçılığı ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
 

QHT.az xəbər verir ki, tədbiri açılış nitqi ilə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının və “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı açaraq bildirib ki, tədbirin əsas məqsədi vərəmlə mübarizədə mövcud vəziyyəti müzakirə etmək, sektorlararası əməkdaşlığı gücləndirmək və ictimai məlumatlandırmanı artırmaqdır.


E. Muxtarlı qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və təxminən 1 milyon 400 min insan bu xəstəlikdən həyatını itirir. Eyni zamanda, Azərbaycan dərmana davamlı vərəm yükünün yüksək olduğu 30 ölkə sırasında yer alır ki, bu da problemin aktuallığını bir daha göstərir.
 

Ağciyər Xəstəlikləri Mərkəzinin direktor müavini İftixar Qurbanov çıxışında son illərdə erkən diaqnostika, müasir müalicə üsulları və icma əsaslı yanaşmalar nəticəsində bir çox müsbət irəliləyişlərin əldə olunduğunu, təmsil etdiyi qurumun bu sahədə davamlı yeniliklərlə çıxış etdiyini bildirib.


Ağciyər Xəstəlikləri Mərkəzinin Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Əsgər İsmayılov isə vərəmlə bağlı təşkil olunması planlaşdırılan yeni xidmətlər və fəaliyyət istiqamətləri barədə məlumat verib.


Tədbirin növbəti hissəsində “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı, “Vərəmsiz Gələcəyə Doğru” İB-nin sədri Çingiz Ramazanlı, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri Mətanət Qaraxanova və Sona Hacıyeva, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İB-nin sədri Cəmilə Abdulova və “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İB-nin sədri Səbinə Kərimovanın iştirakı ilə plenar sessiya keçirilib.


Sessiyada vərəmlə mübarizədə QHT-lərin verdiyi töhfələr, əldə olunan uğurlar və mövcud çətinliklər müzakirə edilib. Spikerlər Azərbaycanda vərəmlə mübarizədə QHT-lərin rolu, fəaliyyət sahələri, maliyyə və resurs baxımından üzləşdikləri çətinliklər, dövlət qurumları ilə əməkdaşlığın mövcud səviyyəsi və xəstələrin aşkarlanması istiqamətində əldə olunan nəticələr barədə fikirlərini bölüşüblər.
 

Konfrans çərçivəsində cari ilin qlobal çağırışları və şüarları — “Vərəmə son!” və “Biz vərəmə qalib gələ bilərik!” xüsusi vurğulanıb.
 

Qeyd olunub ki, Azərbaycanda vərəmlə mübarizə istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar və QHT-lər arasında əməkdaşlıq gücləndirilir. Xüsusilə dərmana davamlı vərəm halları ilə mübarizə və pasiyent yönümlü xidmətlərin inkişafı prioritet istiqamətlərdən biri olaraq qalır.
 

Tədbir iştirakçıları vərəmin aradan qaldırılması istiqamətində birgə səylərin vacibliyini bir daha vurğulayıb və gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər.
 

Tədbirin sonunda iştirakçılar “Biz vərəmə qalib gələ bilərik!” şüarı ilə açıq havada bir araya gələrək qrup fotosu çəkdiriblər.