Dünən Qarabağ və Şərqi Zəngəzur rayonlarında keçirilən maarifləndirici görüşlər şagirdlərdə tullantıların təkrar emalına dair məsuliyyət və vərdişlərin formalaşdırılmasına yönəlmişdir; belə təşəbbüslər gənclərin ekoloji mədəniyyətinin inkişafına və resurslardan səmərəli istifadəyə ciddi töhfə verir.
Ekoloq Ənvər Əliyev uşaqların ekoloji maarifləndirilməsinin çətinliyindən QHT.az-a danışıb. Onun sözlərinə görə, “Əgər bir ata siqaretini balkondan çəkib atırsa, yaxud da bir ana zibili aparıb zibil qutusuna lazımi qaydada çeşidlənməyərək atmırsa, o siz deyənlər maarifləndirməni heç verməyin. O cür maarifləndirmə heç kimə lazım deyil".
Ənvər Əliyev bildirib ki, uşaqlara təmizlik və tullantıların idarə olunması vərdişlərinin aşılanması yalnız kampaniyalarla mümkün deyil. Ekoloq vurğulayıb ki, “Yaponlar belə yaşa qədər uşaqlara heç nə demir, amma mühit onları o qədər tərbiyə edir ki, onlar başqa cür ola bilmirlər".
O qeyd edib ki, ətraf mühitin rolu və insanların davranış nümunələri uşaqların ekoloji düşüncəsinə təsir edir: “Başqa cür onlar həyat tərzini qavraya bilmirlər. Misal üçün, zibil yerə atmaq olar, metroda qışqırmaq olar, zibil yeşili çirkləndirmək olmaz".
Ənvər Əliyev həmçinin Bakı şəhərində tullantıların idarə olunması vəziyyətini şərh edib. Onun sözlərinə görə, “Bakı şəhərinin otuz-qırx faiz zibilliyi mərkəzləşdirilmiş qaydada emal olunur, sonra steril olunur. O qalan hissələr elə kim haraya gəldi necə atır. Rayonlarda isə vəziyyət daha da mürəkkəbdir".
Ekoloq əlavə edib ki, çay vadilərində və dənizlərdə tullantıların yığılması probleminin miqyası böyükdür: “Hamısı müxtəlif növ restoranların, ictimai iaşə müəssisələrinin tullantılarıdır və sel onları hamısını dənizə aparır. Planetin özünün vəziyyəti də belədir, okeana on beş-iyirmi milyard ton tullantı düşür".
Ənvər Əliyev tədbirlərin faydasını da vurğulayıb: “Pis deyil belə tədbirlər keçirmək. Uşaqlar başa düşürlər ki, həyatda belə şey də var və valideynləri, məktəb onları təqib etsə, bax, bunlar nəhayət bir nəticəyə gəlib çıxmaq olar. Amma bunun üçün uzun zaman və normal mühit lazımdır".
O qeyd edib ki, maarifləndirmə uşaqlara müxtəlif ölkələrdə ekoloji davranış nümunələrini göstərmək baxımından da əhəmiyyətlidir: “Onlar başa salsınlar ki, həyatda hansı cür vəziyyətlər var, hansı cür millətlər var ki, onlar zibilə hansı münasibət bəsləyirlər və s."
Ekoloq vurğulayıb ki, mühitin və valideynlərin rolu bu prosesdə əvəzsizdir və uşaqların ekoloji şüurunun formalaşması üçün uzunmüddətli və davamlı yanaşma tələb olunur.
Fatimə Nəbiyeva






