Azərbaycan milli qastronomiya komandası Alimentaria 2026 kimi nüfuzlu beynəlxalq çempionatda bürünc medal qazanıb. Bu uğur yalnız bir yarış nailiyyəti deyil, həm də Azərbaycan mətbəxinin qlobal səviyyədə tanınmasının əyani göstəricisidir.
Qida eksperti Fərid Səfərov QHT.az-a açıqlamasında bildirir ki, bu nəticəni bir neçə istiqamətdə dəyərləndirmək olar:
• Beynəlxalq tanınma və imic: Yarışlar dünya kulinariya ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın medal qazanması milli mətbəximizin artıq lokal deyil, beynəlxalq maraq doğurduğunu göstərir və ölkənin “qastronomik brend” kimi formalaşmasına xidmət edir.
• Turizmə təsir: Qastronomiya turizmi inkişaf edir və bu cür uğurlar xarici turistlərdə “Azərbaycan mətbəxini yerində dadmaq” marağı yaradır, nəticədə turizm gəlirlərinə əlavə potensial formalaşır.
• Peşəkar kadrların inkişafı: Beynəlxalq yarışlarda iştirak edən aşpazlar həm texniki, həm də kreativ bacarıqlarını inkişaf etdirir və bu təcrübəni ölkəyə gətirərək yerli restoranlar və kulinariya məktəblərində tətbiq edirlər.
• Yerli məhsulların təşviqi: Yarışlarda istifadə olunan xammal da diqqət çəkir. Azərbaycan məhsulları – ədviyyatlar, düyü, ət və süd məhsulları – beynəlxalq bazarda daha çox tanınmağa başlayır, bu da ixrac imkanlarını genişləndirir.
• Gələcək perspektivlər: Uğurun davamlı olmasını təmin etmək üçün aşpazların beynəlxalq yarışlara müntəzəm göndərilməsi, kulinariya təhsili və standartların inkişafı, milli mətbəxin düzgün təqdimatı vacibdir.
Fərid Səfərov vurğulayıb ki, bu bürünc medal yalnız simvolik uğur deyil, strateji bir siqnaldır. Azərbaycan mətbəxi artıq qlobal səhnədə mövqeyini qurub və düzgün yanaşma ilə bu mövqeyi daha da gücləndirmək mümkündür.
Zəhra Ağayeva






