Hindistan hökuməti xarici maliyyə alan qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə nəzarətin gücləndirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Təklif edilən dəyişikliklər vətəndaş cəmiyyəti təşkilatları arasında narahatlıq yaradıb.

Məlumata görə, hökumət Xarici Yardımların Tənzimlənməsi Qanununa (Foreign Contribution Regulation Act – FCRA) dəyişiklik etməyi təklif edir. Layihəyə əsasən, qeydiyyatı ləğv edilən və ya müddəti başa çatan QHT-lərin xarici vəsait hesabına əldə etdikləri aktivlər dövlət tərəfindən müəyyən ediləcək səlahiyyətli qurumun nəzarətinə verilə bilər.

Rəsmilər bildirirlər ki, dəyişikliklərin məqsədi xarici maliyyə vəsaitlərinin şəffaf idarə olunmasını təmin etmək və qanunvericiliyin icrasını gücləndirməkdir.

Bununla yanaşı, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, təklif olunan dəyişikliklər QHT-lərin müstəqil fəaliyyət imkanlarını məhdudlaşdıra və onların xarici donorlarla əməkdaşlığına mənfi təsir göstərə bilər.

Qeyd edək ki, Hindistanda xarici maliyyə alan QHT-lərin fəaliyyəti FCRA qanunu ilə tənzimlənir. Son illərdə bu qanun çərçivəsində minlərlə təşkilatın qeydiyyatı ləğv edilib və ya yenilənməyib. Yeni qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması gözlənilir.