İyunun 9-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində modul tipli ikinci xəstəxana açıldı. Eyni zamanda, Sumqayıt şəhər 1 saylı xəstəxananın və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxananın nəzdində fəaliyyət göstərəcək modul tipli xəstəxanaların da videoformatda açılışı oldu. “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül ABDIYEVA bununla bağlı fikirlərini bizimlə bölüşdü:
–Üç modul tipli xəstəxananın istifadəyə hazırlanması, COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə, 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.
Bundan əvvəl, mayın 7-də paytaxtda tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanan modul tipli ilk xəstəxana kompleksi açılıb. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksi bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. Modul tipli yardımçı xəstəxana korpuslarının üstünlüyü odur ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər. İlk modul tipli xəstəxananın açılışındakı çıxışında dövlət başçımız ölkə ərazisində, ümumilikdə, 10 belə xəstəxana kompleksinin quraşdırılacağını bildirmişdi. Ayın 9-da açılış zamanı Prezident bildirdi ki, təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcək.
Dövlət başçısı 10 xəstəxananın 4-nün özəl sektorun öz vəsaiti hesabına inşa edəcəyini xüsusi vurğuladı və qeyd etdi ki, bu, dövlətin üzərindən yükü bir qədər azaldır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkür edən Prezident bildirdi ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılmış məbləğ sahibkarlar və adi vətəndaşlar hesabına 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Pandemiya dövründə görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Doğrudur, məhdudlaşdırıcı tədbirlərin yumşaldılması nəticəsində son 10 gün ərzində yoluxanların sayı artdı. Bəzi vətəndaşların məsuliyyətsizliyi – maskasız gəzmələri, tələblərə əməl etməmələri bu nəticəni yaratsa da, vəziyyət tam nəzarət altındadır. Prezident də çıxışında bu məsələyə toxundu və xəstəxanalarda kifayət qədər yer olduğunu bildirdi. Amma onu da vurğuladı ki, biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin.
Cənab Prezident xüsusi olaraq ölkəmizdə koronavirus xəstələrinin tam dövlət hesabına müalicə aldıqlarını diqqətə çatdırdı: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.
Ölkəmizdə COVID – 19-a qarşı mübarizə məqsədilə qabaqlayıcı məqsədli bütün tədbirlər elə görülüb ki, ən çətin vəziyyətə belə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıb. Onların sayı hazırda 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün qabaqcıl xəstəxanalar ayrılıb. Pandemiya başlayanda açılan “Yeni klinika” və bunun kimi 20-dən çox xəstəxanada koronaviruslu xəstələrin müalicəsi aparılır. Dövlət başçısının çıxışında qeyd etdiyi kimi, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb: “...Onlar 4–5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir. Bildiyiniz kimi, xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun”.
Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə bir neçə dəfə nümunəvi ölkə adlandırıb. Bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Şənbə-bazar günlərində xüsusi karantin rejimində qayda pozuntuları çox cüzi sayda oldu. Hər bir vətəndaş məsuliyyəti dərk etsə, qoyulan tələblərə əməl etsə, yoluxma sayının azalacağı labüddür. Bu da karantin rejiminin tezləşdirilməsinə aparar və xalq normal həyatına dönər. Hər şey vətəndaşlardan asılıdır. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına atır.
Gəlin, hamılıqla operativ qərargahın qayda və tələblərinə əməl edək, həm özümüzü, həm də cəmiyyəti qoruyaq.












