14 iyun tarixində Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının təşkilatçılığı ilə #ÜmumdünyaQanDonoruGünü ilə əlaqədar onlayn konfrans keçirilmişdir. Konfransın məqsədi qan donoru olmağın nə qədər vacib və həyatxilasedici bir təşəbbüs olduğunu ictimaiyyətin diqqətinə çatdırmaq və bu sahə üzrə ixtisaslaşmış ekspert və mütəxəssisləri, ictimai fəalları və maraqlı tərəfləri cəmiyyətin mənafeyi naminə bir araya gətirərək fikir mübadiləsi aparmaq idi.
Hesabatlara görə hər il 117,4 mln qanvermə olunur. Onlardan 42 %-i dünyanın 16 % əhalisi yaşayan aşağı və orta gəlirli ölkələrdə baş verir. Yüksək gəlirli ölkələrdə orta qan donorluğunun nisbi aşağı gəlirli ölkələrə nisbətən 13 dəfə çoxdur. Dünyanın 62 ölkəsində qan ehtiyatları 100% könüllü təmənnasız mütəmadi donorlar sayəsində təmin olunur. Ümumdünya Səhiyyə Təşkilatının bütün ölkələr üçün 1975-ci ildə qəbul olunmuş qətnaməsinə uyğun olaraq 2020-ci ilə kimi bütün qan ehtiyatı könüllü təmənnasız qan donorlarından əldə edilməlidir.
Təqdimatla çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcmaya əsaslanan sağlamlıq proqramının koordinatoru Mətanət xanım Qaraxanovanın qan donorluğu işində ən əsas problemin 100% könüllü qan donorlarının az olması, əhalinin qan donorluğu sahəsində fəaliyyətlərə qoşulmaması (məlumatsızlıq, qan donorluğu prioritet sahə kimi baxılmır, qorxu, inamsızlıq və s.); cəmiyyətdə mütəmadi könüllüllük prinsipinə kifayət qədər yer ayrılmır; qan donorluğu sahəsində əməkdaşlığın zəif olması və davamlı olmaması; Qan donorluğuna dair proqramların az olması olduğunu bildirdi. “Fasiləsiz aparılan araşdırmalara baxmayaraq insan qanının əvəzinə onun süni əvəzləyicilərini geniş miqyasda istifadə etməyin mümkün olması üçün hələ çox illər lazımdır. Qan donorları arasında ən təhlükəsiz və aşağı riskli əhali qrupu könüllü və təmənnasız qan donorlarıdır. Ölkə özünün qana olan bütün tələbatını yalnız ölkə əhalisinin 1-3%-i qan verərsə ödəyə bilər”.
Daha sonra çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Elmeddin Behbud Şuranın hər zaman qan donorluğu ilə bağlı aksiyalarda fəal iştirakı və davamlı olaraq QHT-lərin donorluqla bağlı fəaliyyətlərini dəstəkləklədiyini qeyd etdi. O, bildirdi ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il “Talessemiyasız həyat naminə” kampaniyası keçirilir, layihə çərçivəsində xüsusi qan xəstəlikləri ilə bağlı ölkəyə ekspertlər, mütəxəssislər dəvət olunub, Qan donorluğu ilə bağlı Dövlət Proqramı da hazırlanmışdır.
Pandemiya dövründə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın qanın təmin olunması üçün müraciətinə əsasən mayın 20-də Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da bu çağırışa qoşuldu. Şura sədri və Şura üzvləri, katiblik əməkdaşları və QHT-lər cəmiyyətimizlə həmrəylik nümayiş etdirmək və qana ehtiyacı olan insanlara yardım etmək məqsədilə qan bağışladılar. 14 iyunun #DünyaQanDonorgünü kimi qeyd olunması, insanları şəfqətə, mərhəmətə, xeyirxahlığa səsləməklə simvolizə olunur, çünki ilin bütün günlərində qana daim ehtiyacı olan insanlar var. Bu baxımdan vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) bu günü xüsusi qeyd etməsi, əhali arasında bu istiqamətdə maarifləndirmə aparması, əhalini qan verməyə təşviq etməsi təqdirəlayiqdir.
Hemofiliya Azərbaycan \ Hemophilia Azerbaijan- in sədri Ayaz Huseynov isə qanda laxtalanma pozğunluğu ilə müşahidə olunan 70-dən çox nadir xəstəlik olduğunu bildirdi. Xəstəliklərin gedişatı qanaxmalarla müşahidə olunsa da, müalicələrin fərqli olduğunu bildirdi. Belə ki, trombositlərin funksiyasında problem olan bir neçə laxtalanma pozğunluğu ilə müşahidə olunan xəstəliklərə mütəmadi trombosit kütləsi lazım olur. Qan donoru trombositləri verdikdən sonra 2-5 gün ərzində donorun qanında trombositlər tam bərpa olunur və donor il ərzində 12 dəfəyədək trombosit kütləsi verə bilər. Sağlam insan 50 yaşa qədər donor olmağın mümkün olduğunu bildirdi. Ayaz Hüseynov onuda qeyd etdi ki, hemofiliyalı pasientlərə dövlət tərəfindən təmin olunan faktor konsentratlarının hazırlanmasında böyük miqdarda qan plazması istifadə olunur. Faktor konsentratları inkişaf etmiş ölkələrdə istehsalçı şirkətlər tərəfindən Azərbaycana gətirilir və dövlətimiz pasientləri təmənnasız olaraq sözü gedən bahalı faktor konsentratları ilə təmin edir. Ayaz Hüseynov sonda bildirdi ki, ölkənin birinci xanımı Mehriban Əliyevanın qanın təmin edilməsi ilə bağlı çağırışı ilə insanların həmrəyliyi və birliyi görüldü, donorluq bir mədəniyyətdir və yardımlaşmaq hər bir vətəndaşın mənəvi borcudur.
Sabina Mahbubi-Iran qan vermədə insanlar arasında məlumat azlığı olduğunu bildirdi, və bu işdə bütün VCT-lər düzgün anlayışın formalaşması məqsədilə məlumatlılığı artırmaq üçün səfərbər olmalıdır. Fövqəladə hallar zamanı qan verilməsində fasilə yaranmaması üçün xüsusi plan da hazırlanmalıdır.
Təhsil üzrə mütəxəssis Almaz Həsrət qan verilməsi barədə məlumatlar dərsliklərə salınmalıdır deyə vurğuladı. Dərsliklər dəyişilməli, qan donorluğu haqqında məlumatlar da əlavə edilməlidir. O təklif etdi ki, təhsil, maariflənmə məktəbdən başlanılır və biologiya dərsliklərinin hazırlanmasında mütəxəssislər iştirak edərək, öz töhfəsini versin. Təklif iclasda iştirak edən Səhiyyə Nazirliyinin nümayəndəsi Səbinə Babazadə tərəfindən yüksək qiymətləndirilərək, qurum olaraq bu təşəbbüsü dəstəkləyə və Təhsil Nazirliyinə müraciət ünvanlaya biləcəklərini qeyd etdi. Kiçik yaşlardan uşaqlara tədris vasitəsilə qan vermənin təbliğ edilməsi çox gözəl təşəbbüs olardı.
Sonda COVİD-19 xəstəliyi ilə mübarizə aparan şəxsləri həyata qaytarmaq üçün qan donoru olan şəxslər konfrans iştirakçıları tərəfindən alqışlanıb.












