Azərbaycanda mina qurbanlarına yönəlmiş sosial dəstək tədbirləri genişləndirilib. Yeni qərarlara əsasən, mina hadisələri zamanı həlak olan şəxslərin ailələrinə əlavə sosial təminatlar verilir, o cümlədən övladlarının təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur.
“Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu QHT.az-a açıqlamasında bildirib ki, ölkəmizdə ən ciddi problemlərdən biri mina təhlükəsidir və bu sahədə dövlət tərəfindən atılan addımlar olduqca vacibdir. Onun sözlərinə görə, “mina hadisələri nəticəsində həyatını itirən şəxslərin ailələrinə prezident təqaüdünün təyin edilməsi sosial müdafiənin gücləndirilməsi baxımından mühüm addımdır”.
Rey Kərimoğlu vurğulayıb ki, təhsil haqqı ailələr üçün böyük maliyyə yüküdür və bu xərclərin dövlət tərəfindən qarşılanması mina qurbanlarının övladlarının təhsilə çıxışını xeyli asanlaşdıracaq. O əlavə edib ki, bu qərar dövlətin sosial yönümlü siyasətinin növbəti təzahürüdür və xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dəstəyin davam etdiyini göstərir.
Sonda bu addımı yüksək qiymətləndirərək qeyd edib ki, şəhid ailələri, qazilər və mina qurbanlarına göstərilən diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Zəhra Ağayeva






