Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçıları və onların ailə üzvlərinə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı imzaladığı Sərəncam cəmiyyətdə geniş müzakirə olunur. Qərar veteranlara göstərilən dövlət qayğısının davamlılığını və onların sosial rifahının daim diqqət mərkəzində saxlanıldığını bir daha ortaya qoyur. Bu təşəbbüs həm maddi dəstək, həm də mənəvi dəyər kimi qiymətləndirilir.
QHT.az xəbər verir ki, müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin 24 aprel 2026-cı il tarixli Sərəncamını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu sənəd vətən qarşısında xidmətləri olan insanların unudulmadığını və daim dövlətin diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir.
Cəlil Xəlilov bildirib:
“Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olan döyüşçülərin dul arvadlarına və arxa cəbhədə xidmətlərinə görə orden və medallarla təltif edilən insanlara birdəfəlik maddi yardımın verilməsi ilə bağlı Sərəncam imzaladı. Bu, dövlət başçısının veteranlara göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.”
Polkovnik qeyd edib ki, bu addım yalnız maddi dəstək deyil, həm də mənəvi stimul xarakteri daşıyır:
“Prezidentin bu Sərəncamı göstərir ki, veteranlar və onların ailələri daim dövlətin qayğısı ilə əhatə olunub. Onların xidmətləri zaman keçsə də unudulmur, hər zaman böyük minnətdarlıqla yad edilir.”
Cəlil Xəlilov əlavə edib ki, bu cür təşəbbüslər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm əhəmiyyət daşıyır:
“Bu qayğı milli-mənəvi dəyərlərin qorunması, vətənə sədaqət hissinin güclənməsi və cəmiyyətin gələcək təhlükəsizliyi üçün olduqca önəmlidir.”
Təşkilat sədri sonda Müzəffər Ali Baş Komandana təşəkkürünü ifadə edib və veteranlara göstərilən diqqətin davamlı olmasını yüksək dəyərləndirib.
Zəhra Ağayeva






