Maddi mədəniyyət bəşər tarixinin ayrılmaz tərkib hissəsi olub, xalqın fiziki əməyinin nəticəsi kimi formalaşmış, böyük təkamül və inkişaf yolu keçmişdir. Maddi mədəniyyət xalqın sosial-iqtisadi, siyasi, mədəni və ideoloji tarixini, eyni zamanda etnogenezini öyrənmək üçün mühüm mənbədir.

Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spesifik cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir xalqa məxsus maddi mədəniyyəti digər xalqın mədəniyyətindən əsaslı surətdə fərqləndirir.

Bəşər cəmiyyəti meydana gəldiyi vaxtdan yaşayış məskənləri də mövcud olmuş, insan kollektivinin təsərrüfat fəaliyyətindən asılı olaraq onların müxtəlif tip və formaları yaranmışdır.

Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik təcrübə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi çox zəngin və qədimdir.

Arxeoloji qazıntıların nəticələrinə istinad edərək Azərbaycan ərazisində Paleolit dövrü insanlarının təbii və süni yaşayış məskənlərində- qaya altı sığınacaqlarda və mağaralarda yaşaması sübut edilmişdir. Onlar özlərini istidən, soyuqdan qoruyur və ələdə etdikləri odu, topladıqları ərzağı da burada mühafizə edirdilər. Buna görə də mağaralar insanların ilk sığınacağı- evi hesab edilir.

“Başdan-başa, daşlı, qayalı yer”, “daşların qala divarları kimi düzüldüyü ölkə” mənasını verən qədim tarixi olan Şərqi Zəngəzurda yerləşən Laçın rayonunun ərazisində 54 dünya, 200-dən çox yerli əhəmiyyətli mədəniyyət və memarlıq abidələri var. Bu abidələr arasında, ilk insan məskənləri olan maraqlı quruluşa malik olan mağaralar xüsusi yer tutur.

Laçın rayonu ərazisindəki respublika əhəmiyyətli  mədəni abidələr siyahısına daxil edilən “ Ağzıbir”, “Qaranlıq kaha”, “Bayqara” təbii mağaraları, Hoçaz, Abdallar, Mişni  kəndlərindəki süni mağaralar quruluş və formaca bir-birindən o qədər də fərqlənmir, bir qayda olaraq, dağın içərisinə doğru istiqamətlənmiş uzunsov və əyri-üyrü olub, ayrı-ayrı salonlara bölünür və yeraltı yollarla bir-birilə əlaqələnir.

Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz indi Şərqi Zəngəzuru otuz illik işğaldan azad edib. Dözlətimizin sürətli inkişafı dövründə bu bölgədə yerləşən tarixi-mədəni abidələrimiz vandalizmə məruz qalmış, dağıdılmış, bəzi hallarda forması dəyişdirilmişdir. Çox az öyrənilmiş Şərqi Zəngəzurda yerləşən ilk insan məskəni olan antik dövr mağaralarının öyrənilməsi, tədqiq və təbliğ edilməsinin zamanı çatmışdır. Çünki maddi mədəniyyət abidəsi olan bu mağaralar Şərqi Zəngəzurun xalqımızın qədim yaşayış məskəni olduğunu sübut etməklə yanaşı, antik dövr insanlarının yaşayışını, məişətini öyrənmək üçün əvəzedilməz xidməti ola bilər.

Biz “Qayıdış” ictimai birliyi olaraq haqqında danışdığım mövzunu daim diqqətdə saxlamaqla maddi mədəniyyət nümunələrimiz olan Laçın mağaralarının tanıdılması istiqamətində işlər görməyi planlaşdırırıq.

Keçmişimizi öyrənməyə və öyrətməyə borcluyuq.

 

 

“Qayıdış” ictimai birliyinin sədri Hasil Tağıyev