Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun müəllifi olduğu “Qərbi Azərbaycandan Deportasiya. İmirlidə məskunlaşma (hüquq və tarix kontekstində)” kitabının təqdimat mərasimi keçirilir.

QHT.az xəbər verir ki, tədbiri açan Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Sadiq Qurbanov məlumat verərək bildirib ki, kitabda Dərələyəz mahalının Çivə, Sallı, Qozulca, Göyçə mahalının Mollalı, Vedibasar mahalının Hortun kəndinin əhalisinin öz doğma yurdlarından İosif Stalinin qərarı ilə deportasiya edilərək Bərdə rayonunun İmirli kəndində məskunlaşmasının hansı tarixi şəraitdə baş verməsi, deportasiyanın hüquqi aspektləri araşdırılıb və bu aksiyaya məruz qalmış insanların şəxsi hekayələri toplanıb.

Təqdimat mərasimində AMEA-nın vitse prezidenti, akademik Arif Həşimov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, elmi redaktor, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli, ADPU-nin prorektoru, Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov çıxış edib. Tədbir müzakirələrlə ilə davam edir.

Qeyd edək ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Müvəkkil Hüquq Mərkəzinin tərəfindən icra olunan "Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği" layihəsi çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı