QHT.az xarici mediaya istinadən bildirir ki, bəzi qeyri-hökumət təşkilatları süni intellekt texnologiyalarından istifadə edərək dünyada təhsil sahəsindəki bərabərsizlikləri azaltmağa çalışırlar.
Qətərdə yerləşən Education Above All təşkilatı hesab edir ki, məşhur AI çatbotlarının əksəriyyəti Qərb ölkələrində yaradıldığı üçün onlar inkişaf etməkdə olan ölkələrin dil və mədəni xüsusiyyətlərini tam nəzərə almır. Bu isə təhsil imkanlarında fərqlər yaradır.
Bu problemi aradan qaldırmaq üçün təşkilat Ferby adlı öz süni intellekt çatbotunu hazırlayıb. Sistem şagird və müəllimlərə pulsuz tədris materiallarına çıxış imkanı yaradır və dərsləri yerli şəraitə uyğunlaşdırır.
Bundan əlavə, təşkilat MIT, Harvard və BMT İnkişaf Proqramı ilə birlikdə Digi-Wise adlı AI savadlılığı proqramını istifadəyə verib. Proqram uşaqlara yanlış məlumatları ayırd etməyi, AI-dən məsuliyyətli istifadəni və öz alətlərini yaratmağı öyrədir.
Mütəxəssislər bildirirlər ki, süni intellekt təhsildə böyük imkanlar yaratsa da, insan müəllimləri əvəz etməməli, onlara dəstək vasitəsi kimi istifadə olunmalıdır.
Fatimə Nəbiyeva






