Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) artan qlobal böhranlara baxmayaraq, gələn il üçün yardım çağırışını 400 milyon İsveçrə frankı azaldaraq 3,4 milyard frank səviyyəsində müəyyənləşdirib. Ötən il bu məbləğ 3,8 milyard frank idi.

QHT.az xarici mediaya istinadən bildirir ki, bu qərar dünyada müharibələr, iqlim böhranı və təbii fəlakətlər nəticəsində humanitar ehtiyacların rekord həddə çatdığı bir dövrdə qəbul olunub. Buna baxmayaraq, ABŞ və Almaniya kimi əsas donor ölkələrin yardımları azaltması maliyyə çatışmazlığı yaradıb.

IFRC bildirib ki, vəsaitin əsas hissəsi yerli səviyyədə həyata keçirilən yardım proqramlarına yönəldiləcək. Təşkilatın baş katibi Caqan Çapagain qeyd edib ki, ehtiyaclar artır, lakin maliyyə imkanları azalır.

Federasiya həmçinin humanitar işçilərin təhlükəsizliyini prioritet elan edib. Son iki ildə 57 əməkdaş və könüllünün həlak olduğu açıqlanıb. Digər beynəlxalq yardım qurumları da maliyyə məhdudiyyətləri səbəbindən fəaliyyətlərini azaltmağa başladıqlarını bildiriblər.

Fatimə Nəbiyeva