Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən bu ilin ilk rübündə 4117 nəfər evlərində səyyar formada sosial xidmətlə təmin olunub. Onlardan 3786 nəfəri tənha ahıl, 331 nəfəri isə əlilliyi olan şəxslərdir. Sosial xidmətçilər tərəfindən həmin şəxslərə gündəlik qayğı və məişət ehtiyaclarının qarşılanması, yemək hazırlanması və şəxsi gigiyenaya yardım, alış-verişin təşkili və kommunal məsələlərin həlli istiqamətində xidmətlər göstərilib.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova QHT.az-a açıqlamasında ölkəmizdə səyyar sosial xidmətlərin tətbiqi müasir sosial siyasətin humanist və vətəndaşayönümlü xarakterini nümayiş etdirir. O bildirib ki, bu model Sosial Xidmətlər Agentliyi və DOST Agentliyi tərəfindən uğurla həyata keçirilir və xidmətlərin vətəndaşların yaşadığı mühitdə təqdim olunması onun əsas üstünlüklərindəndir.

Nailə İsmayılovan qeyd edib ki, “Tənha ahıllar və əlilliyi olan şəxslər üçün ev şəraiti həm fiziki, həm də psixoloji baxımdan daha rahatdır. Bu, onların həyat keyfiyyətini yüksəldir və sosial təcrid riskini azaldır".

Sədr vurğulayıb ki, səyyar xidmət modeli fərdi yanaşmanı gücləndirir və sosial işçilər hər bir şəxsin konkret ehtiyaclarını yerində qiymətləndirərək uyğun dəstək göstərirlər. Bu isə xidmətin daha məqsədyönlü və effektiv olmasına şərait yaradır.

Bundan əlavə, Nailə İsmayılovan bildirib ki, “Vaxtında göstərilən sosial və məişət dəstəyi daha ağır sosial və sağlamlıq problemlərinin qarşısını almağa kömək edir və uzunmüddətli perspektivdə həm fərd, həm də dövlət üçün daha səmərəli nəticələr yaradır".

Sədr vurğulayıb ki, səyyar sosial xidmətlər ailələr üçün də ciddi dəstək rolunu oynayır, qulluq yükünün paylaşılması ailədaxili gərginliyi azaldır və xüsusilə işləyən ailə üzvlərinin həyatını asanlaşdırır. Eyni zamanda, bu model sosial inklüzivliyi gücləndirir və həssas qrupların gündəlik həyatla əlaqəsinin qorunmasına xidmət edir.

Ümumilikdə, Nailə İsmayılovanın sözlərinə görə, səyyar sosial xidmət modeli insan mərkəzli yanaşmanı gücləndirir, sosial rifahı artırır və müasir sosial siyasətin əsas istiqamətlərindən biri kimi qiymətləndirilməlidir.

Fatimə Nəbiyeva