Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədovun xatirəsinə həsr olunmuş tədbir Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilovun təşkilatçılığı ilə keçirildi. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və Əhməd Əhmədovun qardaşları iştirak etdilər.

QHT.az xəbər verir ki, Hüquqşünas Səməd Vəkilov çıxışında Əhməd Əhmədovun keçmiş həyatından və vətənpərvərliyindən danışdı. O, Sumqayıt hadisələrinin yenidən araşdırılması üçün Ali Baş Komandan İlham Əliyevin göstərişi əsasında Baş Prokurorluqda işin icraatının təzələndiyini qeyd etdi. Tədbirdə ADPU-nin prorektoru, professor Mahirə Hüseynova Dərələyəz mahalının insanlarının erməni separatçıları tərəfindən çıxarılmasından və Əhməd Əhmədovun nəşinin Azərbaycana qaytarılmasının vacibliyindən danışdı.

Digər çıxışçılar, o cümlədən, Məmmədağa Əhmədov və "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, Sumqayıt hadisələrinin təşkilatçılarının erməni separatçıları olduğunu vurğuladılar. Onlar Əhməd Əhmədovun məhkəmədə günahsız olduğunu sübut etdiyini və bunun onun həyatı bahasına başa gəldiyini qeyd etdilər.

Tədbirdə həmçinin Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu, diaspora nümayəndəsi Şahin Əmirxanov və digər iştirakçılar çıxış etdilər.