28 fevral 2026-cı il tarixində Bakı şəhərində “Müvəkkil Hüquq Mərkəzi”nin sədri, hüquqşünas Səməd Vəkilovun təşkilatçılığı ilə Sumqayıt hadisələrinin 38-ci ildönümünə həsr olunmuş anım tədbiri və iftar süfrəsi təşkil olunub.

QHT.az xəbər verir ki, tədbir 1988-ci il Sumqayıt hadisələrinin günahsız qurbanlarının, o cümlədən bu təxribatın qurbanı olmuş Əhməd İmanı oğlu Əhmədovun əziz xatirəsinə ithaf edilib. İftar süfrəsi öncəsi şəhidlərin və hadisə qurbanlarının ruhuna dualar oxunub, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Səməd Vəkilov Sumqayıt hadisələrinin tariximizin ağrılı səhifələrindən biri olduğunu vurğulayaraq, bu cür anım tədbirlərinin gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, belə faciələrin unudulmaması və hüquqi-siyasi qiymətin verilməsi hər bir vətəndaşın mənəvi borcudur.

Tədbirdə ictimaiyyət nümayəndələri, hüquqşünaslar və qonaqlar iştirak edərək öz fikirlərini bölüşüb, ədalətin və tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıblar.