3 mart dünyada Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü kimi qeyd olunur. Bu gün World Health Organization tərəfindən təsis edilmişdir və əsas məqsədi eşitmə sağlamlığının qorunması, erkən diaqnostikanın təşviqi və inklüziv mühitin inkişaf etdirilməsidir.
QHT.az xəbər verir ki, bu münasibətlə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi-nin rəhbəri Cəmilə Abdulova ictimaiyyətə müraciət edərək bildirib:
“Eşitmə sağlamlığı hər bir insanın keyfiyyətli həyatının ayrılmaz hissəsidir. Erkən diaqnostika və vaxtında müdaxilə xüsusilə uşaqların nitq və sosial inkişafında həlledici rol oynayır. Təəssüf ki, bir çox hallarda məlumat azlığı və stereotiplər səbəbindən problemlər gec aşkarlanır. Halbuki vaxtında göstərilən tibbi və sosial dəstək insanın təhsil, əmək və ictimai həyata tam inteqrasiyasını təmin edə bilər.”
Cəmilə Abdulova qeyd edib ki, eşitmə sağlamlığı yalnız tibbi məsələ deyil, həm də sosial inklüzivlik və insan hüquqları məsələsidir. Yüksək səs-küyə uzunmüddətli məruz qalma, profilaktik müayinələrin gecikdirilməsi və ictimai məlumatlılığın aşağı səviyyədə olması eşitmə itkisinin artmasına səbəb olan əsas amillərdəndir.
"Birlik ictimaiyyəti aşağıdakı məsələlərə həssas yanaşmağa çağırır:
• Yenidoğulmuşlarda eşitmə skrininqinin vaxtında aparılması;
• Uşaqlarda nitq gecikməsi müşahidə edilərsə dərhal mütəxəssisə müraciət edilməsi;
• Yüksək səs-küylü mühitdə qoruyucu vasitələrdən istifadə olunması;
• Eşitmə cihazlarından istifadəyə qarşı mənfi stereotiplərin aradan qaldırılması;
• İşarə dilinin təşviqi və inklüziv ünsiyyət mədəniyyətinin formalaşdırılması.
İnklüziv cəmiyyət yalnız eşitmək deyil, bir-birimizi anlamaqla qurulur. Eşitmə sağlamlığının qorunması istiqamətində atılan hər bir addım daha sağlam, daha güclü və daha bərabər bir cəmiyyətə xidmət edir.”






