1988-ci ilin fevralında baş vermiş məlum Sumqayıt hadisələri zamanı haqsız yerə tutularaq Moskvaya aparılmış, SSRİ-nin mərkəzi istintaq orqanlarında barəsində ədalətsiz qərar çıxarılaraq ölüm hökmünə məhkum edilmiş Əhməd Əhmədovun anım günü münasibətilə keçirilmiş tədbirdə çıxış edən yazıçı-publisist Əkbər Qoşalı öz ürək sözlərini bölüşmüşdür.
QHT.az xəbər verir ki, Əkbər Qoşalı çıxışında 1988-ci il hadisələrinin mahiyyətinə toxunaraq, həmin dövrdə Azərbaycanda baş verən proseslərin təsadüfi olmadığını vurğulamışdır. O, Sumqayıt hadisələrinin siyasi manipulyasiya elementi kimi istifadə edildiyini, bir sıra vətəndaşlarımızın isə haqsız yerə ittiham edilərək mərkəzi sovet istintaq və məhkəmə orqanlarının qərarları ilə ağır cəzalara məruz qaldığını diqqətə çatdırmışdır.
O, həmin dönəmdə Azərbaycanın real müdafiə imkanlarının məhdud olduğunu qeyd edərək bildirmişdir:
“Respublikanın söz sahibi olmadığı bir siyasi sistem daxilində ittiham olunan soydaşlarımızın hüquqlarının gərəkli səviyyədə qorunması faktiki olaraq mümkünsüz olmuşdur. Bu baxımdan Əhməd Əhmədovun taleyi bir fərdin, ailənin faciəsi olmaqla yanaşı, bütöv bir mərhələnin ədalətsizlik simvoludur”.
Əkbər Qoşalı vurğulamışdır ki, bu gün şəhidlərimizin və haqsız qərarların qurbanı olmuş insanlarımızın ruhunun yad edilməsi artıq başqa bir mərhələdə baş verir. Çünki Azərbaycan bu gün tarixin ən güclü dönəmlərindən birini yaşayır. Azərbaycan Respublikası suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, dövlət müstəqilliyini real məzmunla təmin etmişdir.
Bu yeni gerçəklik şəraitində Əhməd Əhmədovun və onun kimi digər həmvətənlərimizin hüquqlarının tanınması istiqamətində ictimai və hüquqi müzakirələrin aparılması, onların işlərinə yenidən baxılması və tarixi ədalətin bərpası ilə bağlı təşəbbüslərin səsləndirilməsi daha ciddi və real müstəviyə keçməkdədir. Güclü dövlət haqlı tələblərini daha inamlı və əsaslı şəkildə ifadə edə bilir.
Əkbər Qoşalı çıxışında 1988-ci ildən sonrakı dövrdə baş vermiş digər hadisələrə də toxunaraq bildirmişdir ki, nə Sumqayıt hadisələri, nə də sonrakı proseslər təsadüfi idi. Tarixin çətin sınaqlarından keçən xalqın birliyi, dövlət–xalq həmrəyliyi, düşünülmüş və ağıllı siyasət, diplomatik manevr imkanları Azərbaycanın 2020-ci ildə, 2023-cü ildə və sonrakı mərhələdə qazandığı tarixi uğurlarla öz təsdiqini tapmışdır.
O, iştirakçıları Azərbaycan dövlət müstəqilliyinin dəyərini daha dərindən dərk etməyə, tarixi yaddaşı qorumağa və ədalət uğrunda mübarizənin milli həmrəyliyin ayrılmaz hissəsi olduğunu unutmamağa çağırmışdır.






