Alkoqolsuz içkilər, dondurma və tortlar kimi şəkər əlavə olunmuş qidaların istehlakı böyrək daşı riskini artıra bilər.
QHT.az xəbər verir ki, mütəxəssislər şəkər əlavəsi olan qidaları ən çox qəbul edən insanların böyrək daşlarının əmələ gəlməsi ehtimalının təxminən 40 % daha çox olduğunu müəyyən ediblər. Şəkərin həddindən artıq istehlakı piylənməyə gətirib çıxarır, bağırsaqların iltihabi xəstəlikləri, şəkərli diabet riskini artırır.
Dünyanın hər yerindən olan dietoloqlar insanlara şəkərli içkilərə və şəkər əlavə olunmuş qidalara həddən artıq qəbul etməməyi tövsiyə edir. Dietoloqlar şirniyyatları qoz-fındıq və quru meyvələrlə əvəz etməyi məsləhət görürlər. Bir neçə quru ərik və ya gavalı qlükoza sıçrayışının qarşısını almağa kömək edəcək.
Bəs şirniyyatdan imtina edən insanın orqanizmində nə baş verir?
Ekspertlərin fikrincə, pəhriz zamanı şəkərin rasiondan çıxarılması orqanizmdə dəyişikliklərə gətirib çıxarır. Tədqiqatçılar əmindirlər ki, rasionunda şəkərin miqdarını azaldan insanda depressiya və buna bənzər pozğunluqlar müşahidə edilə bilər. Bu, gen ekspressiyasına və dofamin reseptorlarına məhz şəkərin təsir göstərməsi səbəbindən baş verir. Buna görə də insan desert yeyəndə onun əhvalı yaxşılaşır. Şəkərdən tam imtina etmək insanda ruh düşkünlüyünə və həyəcan hissinin artmasına gətirib çıxarır, orqanizm stressin öhdəsindən gələ bilmir, nəticədə hətta ciddi xəstəliklər törəyir.
Pərvanə Fərhadqızı












