Xəbər verdiyimiz kimi Milli Məclisin 2026-cı il payız sessiyasının iş planında qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulur. Dinləmələr zamanı QHT sektorunun qarşılaşdığı hüquqi, institusional və praktiki problemlərin müzakirəsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin səsləndirilməsi gözlənilir.
QHT.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov Hafta.az-ın suallarını cavablandırıb.
– Milli Məclisdə QHT-lərin fəaliyyətində mövcud problemlərlə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur. Sizcə, bu gün QHT sektorunun qarşılaşdığı əsas hüquqi və institusional problemlər hansılardır?
– Milli Məclisin 2026-cı il payız sessiyası üçün təsdiq olunmuş iş planında QHT-lərin fəaliyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək qanunvericilik dəyişikliklərinin müzakirəsi və ictimai dinləmələrin təşkili nəzərdə tutulub. Bu, son dövrlər həm sosial mediada, həm də müxtəlif platformalarda səsləndirilən məsələlərin müzakirəsi baxımından mühüm addımdır.
Əslində, ictimai dinləmələrin keçirilməsi elə bu sahədə mövcud problemlərin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edir. Çünki belə müzakirələr zamanı QHT-lərin narahatlıq doğuran məsələləri birbaşa səsləndirilir və bunun əsasında sektorun real vəziyyəti ilə bağlı daha dolğun təsəvvür formalaşır.
Bu gün əsas diqqət hüquqi tənzimləmə mexanizmlərinə, institusional imkanların təkmilləşdirilməsinə və fəaliyyətin praktiki tərəflərinə yönəlməlidir. Dinləmələr nəticəsində həmin istiqamətlər üzrə hansı kompleks tədbirlərə ehtiyac olduğu daha aydın görünəcək.
– QHT-lərin fəaliyyətinin daha səmərəli qurulması və vətəndaş cəmiyyəti institutlarının inkişafı baxımından qanunvericilikdə və dövlət–QHT münasibətlərində hansı dəyişikliklərə ehtiyac var?
– Son illərdə bu istiqamətdə mühüm institusional addımlar atılıb. Xüsusilə 2022-ci ilin sonunda qrantların bölüşdürülməsi üzrə “bir pəncərə” mexanizminin və QHT-lərin maliyyələşdirilməsi üzrə informasiya sisteminin yaradılması bu sahədə aparılan islahatların göstəricisidir.
Bununla belə, hüquqi prosedurların daha da sadələşdirilməsi aktual olaraq qalır. QHT nümayəndələri mütəmadi olaraq qeyd edirlər ki, müraciət və sənədləşmə proseslərində rəqəmsal imkanlardan daha geniş istifadə edilməlidir. Elektron müraciət imkanları qanunvericilikdə nəzərdə tutulsa da, onların tətbiqinin genişləndirilməsinə ehtiyac var.
Təsis sənədlərinin, əlavələrin və digər prosedurların elektron resurslar üzərindən həyata keçirilməsi həm operativliyi artırar, həm də insan amilindən qaynaqlanan çətinlikləri minimuma endirər. Elektron hökumət platforması vasitəsilə müxtəlif dövlət qurumlarından tələb olunan məlumatların əldə edilməsi də QHT-lərin üzərinə düşən inzibati yükü əhəmiyyətli dərəcədə azalda bilər.
Digər mühüm məsələ maliyyələşmə imkanları ilə bağlıdır. Bu gün QHT-lər əsasən dövlət maliyyə dəstəyindən istifadə edirlər. Lakin qanunvericilik alternativ maliyyə mexanizmlərinin tətbiqi üçün də imkanlar yaradır. Bu isə QHT-lərin yalnız bir maliyyə mənbəyindən asılılığını azaltmağa və fəaliyyət imkanlarını genişləndirməyə xidmət edə bilər.
– Qarşıdakı parlament dinləmələrindən real nəticələrin əldə olunması üçün hansı konkret təşəbbüslər irəli sürülməlidir və QHT-lərin cəmiyyətin ictimai-sosial həyatındakı rolunun gücləndirilməsi necə təmin oluna bilər?
– Dinləmələr zamanı maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi xüsusi diqqət mərkəzində olmalıdır. Elə fəaliyyət istiqamətləri var ki, həmin sahələrdə xarici maliyyə resurslarının cəlb olunması mühüm əhəmiyyət daşıyır. Çünki bəzi layihələrin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir və milli donorların imkanları hər zaman kifayət etmir.
Məsələn, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır. ANAMA bu sahədə əsas qurum kimi fəaliyyət göstərsə də, yerli QHT-lər də müxtəlif layihələrdə iştirak edir. Xüsusilə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirlərinin genişləndirilməsi əlavə maliyyə resurslarının cəlb olunmasını zəruri edir.
Eyni zamanda QHT-lərin ictimai iştirakçılıq mexanizmlərində, ictimai şuralarda və digər platformalarda daha fəal təmsil olunması vacibdir. Bu istiqamətdə mövcud normativ sənədlərin əksəriyyəti 2013–2015-ci illərdə qəbul olunub və onların müasir dövrün tələblərinə uyğun yenilənməsinə ciddi ehtiyac var.
2025-ci ilin dekabrında qəbul edilmiş Prezident fərmanı ilə QHT-lərin dövlət tərəfindən maliyyələşdirilməsində “bir pəncərə” sisteminin tətbiqi və maliyyələşdirmə üzrə informasiya sisteminin yaradılması artıq öz müsbət nəticələrini verməyə başlayıb. Bu sistem üzərindən müraciətlərin qəbulu və icrası istiqamətində proseslərə start verilib.
Bununla yanaşı, dövlət sosial sifarişləri mexanizminin genişləndirilməsi də vacib məsələlərdən biridir. Bu, QHT-lərin maliyyə dayanıqlığını artırmaqla yanaşı, onların sosial layihələrdə iştirak imkanlarını da genişləndirə bilər.
Hesab edirəm ki, ictimai dinləmələrin yekununda sistemləşdirilmiş təkliflər paketi hazırlanmalı və bunun əsasında QHT sektorunun inkişafına dair yol xəritəsi formalaşdırılmalıdır. Gələcəkdə qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyin, eləcə də bu sahəni tənzimləyən digər normativ-hüquqi aktların yeni dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi mümkün ola bilər.
QHT–dövlət münasibətləri də tərəfdaşlıq prinsipləri üzərində qurulmalıdır. QHT-lər dövlət qurumlarından asılı tərəf kimi deyil, ictimai proseslərdə iştirak edən tərəfdaş institutlar kimi fəaliyyət göstərməlidirlər. Bu yanaşma həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti üçün əlavə imkanlar yaradar və qarşılıqlı əməkdaşlığı gücləndirər.
Bundan əlavə, QHT-lərin rəqəmsal texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi, bu sahədə peşəkar bacarıqların artırılması və müasir texnoloji həllərin fəaliyyətə tətbiqi diqqətdə saxlanılmalıdır. Dünyada geniş istifadə olunan rəqəmsal resursların yerli QHT sektoruna uyğunlaşdırılması onların institusional inkişafına, dayanıqlılığının və peşəkarlığının artırılmasına mühüm töhfə verə bilər.












