Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov QHT.az-a açıqlamasında insan alveri cinayətlərində qadınların daha çox iştirak etməsinin səbəblərinə münasibət bildirib.

O qeyd edib ki, insan alveri cinayətlərini törədən şəxslər arasında qadınların çoxluq təşkil etməsi bu tendensiyanın digər cinayət növlərinə də aid edilməsi üçün əsas yaratmır.

Hüquqşünasın sözlərinə görə, insan alveri cinayətlərində əsas qurbanlar adətən cinsi istismara məruz qalan qadınlar olur və bu səbəbdən həmin cinayətləri törədən şəxslər sırasında da qadınlar üstünlük təşkil edir:

“Qurbanlar öz həmcinslərinə daha çox inandıqlarına görə kişi cinsindən olan cinayətkarların təşəbbüslərinə bir çox hallarda ayıq yanaşırlar. Lakin qadınların bu tipli hərəkətləri əksər hallarda onlarda şübhə doğurmur. Buna görə də qadınlar qadınların toruna daha çox düşür”.

Səməd Vəkilov vurğulayıb ki, bu amillər insan alveri kimi cinayətlərlə mübarizədə hüquq-mühafizə orqanlarının daha həssas və diqqətli fəaliyyət göstərməsinin vacibliyini aktuallaşdırır.

Zəhra Ağayeva