Süni intellekt şirkəti OpenAI istifadəçi təhlükəsizliyini artırmaq məqsədilə ChatGPT üçün yeni “Etibarlı Əlaqə” funksiyasını təqdim edib. Yeni sistem böhran vəziyyətlərində istifadəçinin əvvəlcədən təyin etdiyi yaxın şəxslərə avtomatik bildiriş göndərməyə imkan verəcək.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu xüsusiyyət ChatGPT söhbətləri zamanı özünə zərər vermə və ya digər ciddi təhlükə ehtimallarını aşkar etdikdə işə düşəcək. Məqsəd riskli hallarda istifadəçinin yaxın çevrəsini vaxtında məlumatlandıraraq mümkün təhlükələrin qarşısını almaqdır.
Funksiya yalnız istifadəçinin razılığı əsasında aktivləşdirilir. 18 yaşdan yuxarı şəxslər hesab parametrləri vasitəsilə ailə üzvü, dost və ya baxıcı kimi etibarlı əlaqə əlavə edə bilirlər. Əlavə olunan şəxs bir həftə ərzində dəvəti təsdiqləməlidir.
İstifadəçi istənilən vaxt funksiyanı deaktiv edə və ya seçilmiş əlaqə şəxisini dəyişə bilər. Sistemdə qeyd olunan şəxs də istədiyi vaxt bu xidmətdən imtina etmək hüququna malikdir.
OpenAI bildirib ki, istifadəçi məxfiliyinin qorunması əsas prioritetlərdən biridir. Göndərilən bildirişlərdə söhbət məzmunu və ya mesajların tam transkripti paylaşılmayacaq. Risk ehtimalı yarandıqda vəziyyət əvvəlcə şirkətin xüsusi təhlükəsizlik komandası tərəfindən qiymətləndiriləcək. Yalnız real təhlükə müəyyən olunarsa, təyin edilmiş əlaqə şəxsinə qısa məlumat göndəriləcək.
Şirkət həmçinin vurğulayıb ki, qərar prosesi tamamilə süni intellektə həvalə olunmur. Yanlış siqnalların qarşısını almaq üçün bütün hallar peşəkar mütəxəssislər tərəfindən ayrıca yoxlanılır. Bu yanaşmanın həm istifadəçi təhlükəsizliyini, həm də məxfiliyi qorumağa xidmət etdiyi qeyd olunub.
Piranə Xasiyeva






