Uzun müddət qapalı və qeyri-müəyyən şəraitdə qalmaq insan psixikasına ciddi təsir göstərə bilər.

Bu barədə Psixoloq İlkin Kazımlı QHT.az- a açıqlamasında bildirib.

Onun sözlərinə görə, insan beyni təbiətcə təhlükəni öncədən hiss etməyə və özünü qorumağa proqramlanıb. Nəzarət edə bilmədiyi və sonunun necə olacağını bilmədiyi vəziyyətlərdə isə sinir sistemi davamlı “hazır ol” rejimində qalır. Bu isə yorğunluq, gərginlik və təşviş yaradır.

Psixoloq qeyd edib ki, xüsusilə infeksiya təhlükəsi olan mühitdə insanlar yalnız öz sağlamlıqları üçün deyil, yaxınlarını itirmək, xəstələnmək və çıxış yolu tapa bilməmək kimi düşüncələrlə də qarşılaşırlar:

“Beyin qeyri-müəyyənliyi bəzən real təhlükədən daha ağır qəbul edir. İnsan təhlükənin nə qədər ciddi olduğunu və nə vaxt bitəcəyini bilmədikdə daxili gərginlik artır.Belə hallarda panik atak və güclü təşviş normal psixoloji reaksiyalar hesab olunur. Onun sözlərinə görə, davamlı stress nəticəsində bədəndə stres hormonları artır və bu zaman ürəkdöyünmə, nəfəs darlığı, tərləmə, titrəmə, başgicəllənmə və “pis bir şey olacaq” hissi yarana bilir”.

Psixoloq əlavə edib ki, qapalı mühit insanın psixoloji sərhədlərini də daraldır:

“Eyni məkan, eyni insanlar və eyni xəbərlərlə uzun müddət qarşılaşmaq gərginliyi artırır. Sosial izolasiya hissi, şəxsi məkanın azalması və sərbəst hərəkət edə bilməmək aqressiya, emosional çökmə və ümidsizlik yarada bilər”.

Onun sözlərinə görə, kollektiv psixologiya da belə situasiyalarda mühüm rol oynayır. Bir nəfərin təşvişi və ya panikası digər insanlara da təsir edir və qapalı mühitdə emosional gərginlik daha sürətlə yayılır.Belə hallarda insanlara düzgün və aydın məlumat verilməsi, emosional dəstəyin göstərilməsi və təhlükəsizlik hissinin qorunması ən vacib məsələlərdəndir.

Zəhra Ağayeva