Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Nağı Həşimov 1998-ci il avqustun 20-də Gəncə şəhərində anadan olub.
QHT.az xəbər verir ki, o, 2013-2015-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2019-cu ildə isə ali hərbi məktəbi “yerüstü artilleriya bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi” (Mülki ixtisası: Xüsusi təyinatlı texnika və sistemlər) ixtisasıyla bitirib. Nağı Həşimov 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb və sentyabrın 29-də qəhrəmancasına şəhid olub.
Nağı Həşimov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ehtiramla yad edirik! Allah rəhmət eləsin!
Pərvanə Fərhadqızı










