QHT.az Potensial "Sumqayıt Mütəxəssislər" Birliyinin sədri Sahib Fərzəliyevin öz əzəli dədə-baba yurduna getməsi ilə bağlı yazısını təqdim edir.
"Gün o gündür ayın 20-i, ay da həmən aydır avqust, lakin o vaxtdan 30 il keçib. Cəbrayılın “Dostluq bulağı”ndan teleqülləyə tərəf dönəndə bildik ki, teleqülləyə çatmamış döngədən yol bizim kəndə gedir. Baxşalıqəbri deyilən yerdən Xudaverdili tərəfə burulub aşağı düşəndə lap uzaqda çinarımızı gördük. Dedik yəqin o, bizim çinardır. Bu belə idi kəndimizin yadigarı tək çinar ağacı olmasaydı heç kəndimizi də tanımaq olmazdı. İlk olaraq cinarımızla salamlaşdıq. Çox soluxmuşdu, bir az da doluxsunmuşdu. O, məni xatırladı onun budaqlarında çox oynamışdım, dibindən axan buz kimi suyundan çox içmişdim. Mən hələ onun ana budağına «Ф.Сахиб» də yazmışdım. Çinarımız çox niskilli idi…
Həyəcanlı olsaqda evimizi tapmağa çalışırıq. Kəndimizin yanından keçən el yolu ilə anam, mən, qardaşım və bacılarım heç bir istinad olmadığından avtomobillə yavaş-yavaş gedərək evləri sayırıq; bu Bəhlul gilin, bu Valeh gilin, bu Nadir gilin, bu Həsən gilin, bu Məhəmməd əmim gilin, bu da Aydın əmim gilin, bu Allahverdi gilin, bu Hüsü gilin, bu Zöhrab gilin evi deməli bu aradan gedən yol bizim evə getməlidir. Maşını saxlayıb evimizi tanımağa çalışırıq. Donmuş qara bir dalğanı xatırladan bir mənzərə görünür. Yəqin bu bizim ev olacaq. Yavaş –yavaş evimizə doğru irəliləyirik. Bu Zöhrab gilin tövləsidir, soldakı evdə Şüşən xalam gilin evidir…
Bu yarımkürsülü evdə bizim evdir. 30 il öncə bu evdən çıxanda tezliklə gələcəyik demişdik. Evimiz bizi görüb donmuşdu. Salam dedim. Bağışla gecdə olsa gələ bildik. Bir səs gəldi: günlər, aylar, illər gəlib keçdi, yayın istisi, payızın yağışı, qışın qarı, çövğunu məni sarsıda bilməzdi, ancaq… Başa düşdüm evimizin tənəsini. Susub durmuşduq. Dedi bəs bu evin yiyəsi hanı o niyə gəlməyib. Anladım ki, atamı soruşur. Əlimdə tutduğum açarları ona göstərib dedim ki, atam bu açarları mənə verəndə demişdi ki, bərk saxla bir vaxt lazım olacaq…
Dedim niyə heç soruşmursan niyə 30 ildən sona ayrıldığın gün gəlmisiniz. O, dinmirdi yəqin ki. min bir əziyyətlə onu tikib başa çatdırdıgı ev yiyəsi haqqında düşünürdü. Dedim bu gün səni öz nəfəsi ilə isidən, sənin qoynunda bizi böyüdən anamızın 80 illik yubileyidir. Gəldik səninlə birlikdə qeyd edək…
Yayda həmişə rəhmətlik atam işdən gələndən sonar evimizin yarımkürsülü hissəsində altına bir palaz, döşək atıb yatardı. Mənə elə gələrdi ki, atam illərdi çəkdiyi əzab-əziyyətin dincini yalnız tikdiyi evin kölgəsində yatanda ala bilirdi.
İsdədim evimizin kölgəsində anama bir yubiley keçirəm. Evimiz öz kölgəsinidə bizə vermək gücündə olmadı....
Nənəmin gözləri bir qara muncuq kimi donmuşdu. Baxışları heç bir şey demirdi. O, xeyli susdu sonar birdən dedi: allah kökün kəssin bu erməni millətinin, şəhidlərimizə allah rəhmət eləsin, qazilərimizə və Prezidentimizə can sağlığı versin yoxsa biz elə el-oba həsrəti ilə bu dünyadan gedəcəkdik".










