Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Nicat Abdullayev 1995-cı ilin bu günü Saatlı rayon Seyidlər kəndində anadan olub.
QHT.az xəbər verir ki, ilk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir.
II Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicat oktyabrın 29-da Saatlı rayon Seyidlər kəndində dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










