Salyan rayonunun Sarvan kəndində dünyaya göz açan şəhid Elnur Sakit oğlu Səmədovun anadan olmasının 50 illiyi münasibətilə keçirilən anım mərasimində ictimaiyyətin nümayəndələri, kəndin dindarları, qazilər, müharibə iştirakçıları, şəhidin doğmaları, yaxınları ilə yanaşı Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri də iştirak ediblər.
QHT.az xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə iş şöbəsinin müdiri Rəşad Kərimov şəhidlərinin xatirəsinin həm dövlətimiz, həm də xalqımız tərəfində əziz tutulduğunu, onların Vətən naminə göstərdikləri qəhrəmanlıqların daim böyük minnətdarlıqla yad edildiyini vurğulayıb.
İctimai Şura üzvlərindən Əməkdar müəllim Allahverdi Piriyev, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Salyan rayon filialının sədri Arif Əsgərov, həmçinin Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədri Nəbi İbrahimov, şair- jurnalist Əzizağa Məmmədli Elnur Səmədovun Vətəninə, elinə, obasına bağlı olduğunu, I Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini bildiriblər.
Müğənni İlqar Həsənov Firdovsi Sarvanlının sözlərinə yazılmış “İgidlərim, şəhidlərim” mahnısını ifa etmiş, Sarvan kənd tam orta məktəbinin şagirdləri tərəfindən şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Şəhidin qardaşı Aslan Səmədov qardaşının xatirəsinə ehtiramla yanaşdıqlarına görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidin adına ehsan verilib.
Pərvanə Fərhadqızı










