Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Fuad Bağırov 1991-ci ilin bu günü Şirvan şəhərində anadan olub.
QHT.az xəbər verir ki, 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2013-cü ildən "leytenant" rütbəsində Azərbaycan Ordusunun sıralarında xidmətə başlayıb. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Fuad Bağırov 44 günlük Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətinə davam etdirən Fuad Bağırov 29 yanvar 2022-ci ildə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən 3 hərbi qulluqçu ilə birgə itkin düşüb. Onun nəşi 31 yanvar 2022-ci ildə tapılıb və ertəsi gün Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov Fuad Bağırova şəhid statusunun verildiyini açıqlayıb.
Fuad Bağırov ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ruhu şad olsun










