Xaricdə iş və ya təhsil adı ilə yayılan bəzi cəlbedici təkliflər əslində insan alveri təhlükəsinin ilkin mərhələsi ola bilər. Proses adətən yüksək maaş vədləri, sənədsiz və sürətli prosedurlar, qeyri-rəsmi vasitəçilər və sosial şəbəkələr üzərindən başlayır. Daha sonra sənədlər üzərində nəzarət itirilir və hüquqi boşluq yaranır.

QHT.az xəbər verir ki, bu fikirləri Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, xaricdə iş və təhsil təklifləri yalnız rəsmi qeydiyyatı olan qurumlar tərəfindən, yazılı müqavilə əsasında təqdim olunmalıdır. Pasport və şəxsi sənədlər heç bir halda üçüncü şəxslərə verilməməlidir:

"Əvvəlcədən ödəniş və ya təcili qərar tələbi ciddi risk göstəricisidir. Şübhəli hallarla qarşılaşdıqda dərhal Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə və ya aidiyyəti polis orqanlarına məlumat verin. Bu, zəiflik deyil, vətəndaş məsuliyyətidir. Təklif nə qədər cəlbedici görünsə də, təhlükəsizlik yoxlanılmadan addım atılmamalıdır".

 

Pərvanə Fərhadqızı