11 Fevral – “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Günü BMT Baş Assambleyasının 22 dekabr 2015-ci il tarixli qətnaməsi ilə təsis olunub və hər il qeyd edilir.

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın və Miqrasiya Əməkdaşlıq Platformasının İdarə Heyətinin üzvü Şərqiyyə Dadaşova QHT.az -a bildirib ki, bu günün əsas məqsədi 2030-cu ilədək dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq və iqlim dəyişikliyi kimi sahələrdə daha çox qadının elmdə təmsil olunmasını təşviq etməkdir. Müxtəliflik yeni perspektivlər yaradır və elmin inkişafına töhfə verir:

"Təhsilə çıxış artsa da, qadınlar hələ də maliyyə çatışmazlığı, gender stereotipləri və iş yerlərində ayrı-seçkilik kimi maneələrlə üzləşirlər. Qadınların elmdən kənarda qalması qlobal problemlərin həll imkanlarını zəiflədir. Bu səbəbdən BMT və UNESCO STEM sahəsində qadın və qızlara təqaüd, təcrübə və mentorluq proqramları ilə dəstək göstərir. Azərbaycanda da bu istiqamətdə təşəbbüslərin gücləndirilməsi vacibdir. Güclü qadın çətinliklər qarşısında sınmayan, özünə inamlı və məsuliyyətli şəxsiyyətdir. Dayanıqlılıq, müstəqillik, özünəinam və emosional zəka qadının həm elmi, həm də şəxsi həyatında uğur qazanmasının əsas amilləridir".

Sonda gənclərə müraciət edən Ş.Dadaşova bildirib:

“Uğura aparan yol güclü iradə, istək, inam, inad, cəsarət və çalışmaqdan keçir.”

 

Pərvanə Fərhadqızı