Rusiyanın Ukraynaya hava zərbələri ölkənin iqtisadiyyatına ciddi zərər vurmaqda davam edir. Hücumlar nəticəsində Ukraynanın ən böyük polad istehsalçısı olan “ArcelorMittal”ın Krivoy Roq şəhərindəki zavodunda istehsal dayandırılıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, “ArcelorMittal” şirkəti sentyabrın 25-də Ukrayna hökumətinə zavodda təhlükəsiz və dayanıqlı fəaliyyətin artıq mümkün olmadığını bildirib. Şirkətin məlumatına görə, son beş həftə ərzində müəssisə dörd dəfə hücuma məruz qalıb. Zərbələr nəticəsində zavoda ciddi ziyan dəyib, beş işçi həlak olub.
Şirkət zavodun fəaliyyətinin dayandırılması ilə əlaqədar təxminən 1 milyard dollar həcmində dəyərsizləşmə zərəri qeydə alacağını açıqlayıb.
Eyni gün Kiyevdə Rusiya tərəfindən həyata keçirilən hava hücumları nəticəsində yeddi nəfər həlak olub. Ölənlər arasında 14 yaşlı yeniyetmənin də olduğu bildirilir.
Hücumlar nəticəsində paytaxtda müxtəlif obyektlərə ziyan dəyib. Hadisə yerində fövqəladə hallar xidmətlərinin əməkdaşları çalışıb.












