ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin dayandırılmasından sonra xarici yardım sahəsində ciddi dəyişikliklər baş verib. QHT.az xarici mediaya istinadən bildirir ki, Associated Press-in araşdırmasına görə, maliyyələşmənin azalması bəzi ölkələrdə aclıq, həyati əhəmiyyətli dərman çatışmazlığı və uşaqlarla bağlı risklərin artması ilə əlaqələndirilir.
USAID ABŞ Prezidenti Con Kennedi və Konqres tərəfindən 1960-cı illərin əvvəllərində yaradılıb. Agentlik uzun illər ərzində humanitar yardım və səhiyyə proqramlarının əsas maliyyə mənbələrindən biri olub. The Lancet jurnalında dərc olunan araşdırmaya görə, USAID proqramlarının 2001–2020-ci illər ərzində 91 milyon ölümün, o cümlədən 30 milyon beş yaşadək uşağın ölümünün qarşısının alınmasına töhfə verdiyi hesablanıb.
AP-nin məlumatına görə, yardımın azaldılması Nepal, Myanma, Nigeriya və Somalidə ərzaq və qidalanma proqramlarına təsir edib. Nepalda hamilə qadınlar və körpələr üçün qidalanma və prenatal yardım proqramlarının zəifləməsi ilə ölüm hallarının artması arasında əlaqə müəyyən edilib. Myanma, Nigeriya və Somalidə isə ərzaq rasionları və qidalanma proqramlarının dayandırılmasından sonra uşaqların öldüyü barədə məlumatlar qeydə alınıb.
ABŞ Dövlət Departamenti isə yardım siyasətində dəyişiklikləri səmərəlilik və effektivliyin artırılması ilə izah edib. Departament ABŞ-ın səhiyyə və humanitar yardıma digər ölkələrdən daha çox vəsait ayırdığını bildirib.
Yeni yanaşmada ABŞ səhiyyə yardımlarının bir hissəsini qeyri-hökumət təşkilatları əvəzinə xarici hökumətlərlə birbaşa ikitərəfli razılaşmalar vasitəsilə həyata keçirir. Bu modelin tərəfdarları onun daha səmərəli olduğunu bildirirlər, bəzi ölkələr isə tibbi məlumatların məxfiliyi ilə bağlı narahatlıqlar ifadə ediblər.












