"Müasir tələblərə cavab verən universitet təhsilində ən son bilik və məlumatlara çıxış imkanlarının yaradılması baxımından xarici dilin və xüsusilə də ingilis dilinin rolu və əhəmiyyəti danılmazdır. Bu baxımdan təhsil ingilis dilində təşkil edilməli və ya ingilis dilini bütün tələbələrə müəyyən səviyyədə öyrətmək variantları mövcuddur".

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov bildirib. Onun sözlərinə görə, UNEC ingilis dilini öyrətməklə milli və dövlət dilində təhsil verən universitet modelinə üstünlük verir: "Artıq 4 ildir ki, bu istiqamətdə müəyyən yeniliklər edilib. Bu prosesi təkmilləşdirmək üçün bu dəfə İspaniyanın Barcelona, Malaga, Alcala, Jaen universitetlərinin təcrübəsini öyrənmək məqsədilə ezam edilmiş UNEC Xarici dillər departamentinin direktoru dosent Aysel xanım Xəlilovanın təkliflərini müzakirə etdik. Müzakirə zamanı placement testlərin keçirilməsi, ingilis dilinin tədrisi metodları və üsulları, semestr ərzində və final imtahanında tələbələrin biliyinin qiymətləndirilməsi, APTIS imtahanlarının İspaniya universitetlərində tətbiqi qaydaları və APTİS imtahanının uğurla verilməsinin ali təhsil haqqında diplom almaq üçün məcburi şərt kimi qəbul edilməsi məsələlərinə xüsusi diqqət ayırdıq".